Pənah Hüseyn: “Bu seçkilərin əsas fenomeni Cəmil Həsənli oldu” “Bu seçki bir sıra maraqlı məqamları üzə çıxartdı. Lakin heç şübhəsiz, seçkinin əsas fenomeni Cəmil Həsənlinin özü oldu. Cəmil müəllim istər rəqiblərinin, istərsə də onu müdafiə edənlərin gözləntilərinin üstündə bir performans göstərdi, sadəcə bir namizədin edə biləcəyindən fövqəladə artıq iş gördü və faktiki olaraq onun namizədliyindən əvvəl mövcud olan siyasi vəziyyəti əsaslı şəkildə dəyişdirdi”.
Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn bu fikirləri seçki kampaniyası dövrünü şərh edərkən və Cəmil Həsənlinin şansları barədə danışarkən bildirdi. P.Hüseyn deyir ki, C.Həsənlinin qalib gəlmək şansı yüksəkdir: “Cəmil Həsənli mübariz, cəsarətli, prinsipial və parlaq çıxışları ilə bu seçkilərdə siyasi müxalifəti dəstəkləyən, yaxud bu iqtidardan narazı olduğuna görə onun əsas alternativinə səs verəcək seçicilərdən başqa, xeyli əlavə potensial səs cəlb edə bildi. Məhz Cəmil Həsənlinin sayəsində seçki kampaniyasının gedişində məlum səbəblər üzündən olduqca çətin vəziyyətə düşmüş siyasi müxalifət dönüş edə bildi və Rüstəm İbrahimbəyov məsələsindən sonrakı situasiyadakı bütün gözləntilərin əksinə olaraq bu seçkilərdən zəifləmiş halda yox, güclənmiş olaraq çıxmaq şansı qazandı. Öz iradəsi ilə seçkiyə gəlib səs verənlərin böyük əksəriyyətinin səsini Cəmil Həsənlinin alacağı və bu mənada onun qalib gələcəyi şübhə doğurmur. Hətta seçkinin nəticələri saxtalaşdırılsa belə on minlərlə adam Cəmil Həsənlinin nə qədər yüksək səs alacağını biləcək. Bu vəziyyət həm Cəmil Həsənlinin, həm də onu müdafiə edənlərin artıq ortada olan çox böyük uğurudur”. AXP sədri seçki mübarizəsinin bundan belə də davam edəcəyi qənaətindədir: “9 oktyabrda bu proseslər qurtarmır, bəlkə də başlayır. Azərbaycan dəyişikliklər içindədir və hesab edirəm ki, çox gözləmək lazım gəlməyəcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?