İki il əvvəl Quba rayonunun Nüqədi kəndinin sakinləri - Elxan və Nail Babayev qardaşlarının nə az, nə çox, düz 81 milyon manat vergi borcunun olduğu barədə məlumat yayıldı. Xatırladaq ki, ayda 200 manata gözətçi işləyən Elxan Babayev və ümumiyyətlə işsiz olan Nail Babayev bu barədə məlumat alanda şok keçiriblər, Sonradan məlum olub ki, vaxtilə onlardan şəxsiyyət vəsiqələrini işə düzəltmək adı ilə alan şəxslər qardaşların adına şirkət açıb əməliyyatlar aparıb, amma vergisini ödəməyiblər.
Bəzi şəxslərin adına özlərinin də xəbəri olmadan müxtəlif müəssisələrin, MMC-lərin açılması və milyonlarla borcunun yaranması barədə məlumatlar indi də yayılır.
Müəssisələrin «sahibləri» hansısa şirkətin «rəhbəri» olduğunu isə yalnız iş işdən keçəndən - şirkətin böyük borcları yarandıqda və haqlarında cinayət işi qaldırılanda xəbər tuturlar.
Bəzən bu hal faciə ilə nəticələnir. Bu ilin fevralın 15-də Astara rayonunun Toradi kənd sakini Zaur Sovqatovun Taxtanakəran kəndində yolun kənarındakı vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib. Məlum olub ki, onun Rövşən Hüseynov adlı tanışı Zaur Sovqatovun şəxsiyyət vəsiqəsindən istifadə edərək onun adına çoxsaylı şirkətlər açıb.
Zaur Sovqatov beş şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovdan bu borcun necə yarandığını soruşub. Rövşən Hüseynov bu məsələni qısa zamanda həll edəcəyini bildirsə də, sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb. Gözləmədiyi məbləğdə vergi borcunun olduğunu bilən Zaur Sovqatov intihar etməkdən başqa yol görməyib.
Adına şirkət açılan şəxslər adətən belə hallarla üzləşdiklərini Dövlət Vergi Xidmətinin şəxsin ünvanına yaranmış borcla bağlı bildiriş göndərdiyi zaman, ölkədən çıxışa məhdudiyyət qoyulması ilə bağlı məhkəmədən bildiriş gələrkən və ya icra məmurunun borcla bağlı zəng etməsi nəticəsində bilirlər.
Problemlərlə üzləşənlərin bir çoxu hansısa formada şəxsiyyət vəsiqələrinin başqa şəxslərin əlinə düşdüyünü bildirirlər. Nəticədə bu sənəd əsasında sahibin özünün xəbəri olmadan onların adına müəsssə yaradılır. Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vergi sahəsi üzrə vəkil Sirac Piriyev FED.az-a bildirib ki, şəxsin adına onun xəbəri olmadan hansısa MMC-nin açılması 2 yolla mümkündür: ya şəxs bütün səlahiyyətlərini başqa şəxsə etibarnamə ilə ötürməlidir, ya da özünə məxsus “Asan İmza” və vergi sertifikatını kiməsə verməlidir: «Şəxsin şəxsiyyət vəsiqəsi ilə onun adından MMC açmaq mümkün deyil. Təcrübə göstərir ki, bunu yalnız 2 üsulla etmək olar - ya şəxsdən notariusda bütün səlahiyyətlərinin icrası üçün etibarnamə alınır. Bu etibarnamə ilə onun adından MMC yaratmaq, təsis qərarını imzalamaq, nizamnamə təsdiq etmək, vergi orqanına ərizə təqdim etmək mümkündür. Etibarnamə ilə həm ərizəni imzalayır və sənədləri vergi orqanına təqdim etməklə müəssisəni təsis eləyirlər. Daha çox yayılmış variant budur».
Qeyd edək ki, belə etibarnaməni şəxs yalnız notariusda öz iştirakı ilə verə bilər, yəni şəxsdən xəbərsiz onu etmək mümkün deyil.
Başqasının adı ilə əməliyyat aparmağın ikinci yolu isə prosesi şəxsin özünün iştirakı ilə icra etməkdir. Amma bu proses də müəyyən həddə qədərdir. Sonrdan yenə də etibarnamə əsasında işlər davam etdirilir.
Problemlər yalnız hər hansı vergi borcu yarandıqda vergi orqanlarının ərizəsi əsasında Kommersiya Məhkəmələrindən şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı bildiriş gələndə və ya tələbin icraya yönəldilməsi barədə qərarların icrası üzrə icra məmuru tərəfindən şəxs axtarılanda məlum olur.
- Sirac müəllim, gəlin, əvvəlcə şəxsin özünün iştirakı ilə olan hal barədə danışaq...
- Deməli, bu işlə (yəni başqalarının adına şirkət açıb əməliyyat aparan – FED.az) məşğul olan şəxslər əsasən aztəminatlı şəxsləri müxtəlif yollarla tapırlar və onlara xırda məbləğlər vəd edərək bu işə cəlb edirlər.
Proses belə baş verir: şəxs özü Asan Xidmət Mərkəzlərinə gətirilərək adına "Asan İmza" nömrəsi və vergidən şəxsi sertifikat alınır. Həmin zaman onları müşayiət eliyən şəxslər təyin olunur. Sonra da bu sənədləri şəxsdən əldə edib onun adından sistemə daxil olunur. Şirkət qeydiyyatı aparıldıqdan sonra möhür sifariş olunur və biznes sertifikatı,bank, gömrük və digər əməliyyatların aparılması məqsədilə şəxsi notariusa aparıb şirkətin adından başqa birinə etibarnamə verməsi tələb olunur. Çox vaxt həmin etibarnamə verilən şəxs də formal olur və müəyyən məbləğ qarşılığında xidmət edir. Təqdim edilən həmin notarial etibarnamə ilə sonrakı bütün prosesləri, hətta bank hesabının açılması, pulun çıxarılması, gömrük rəsmiləşdirilməsi və digər qurumlardakı ayrı-ayrı əməliyyatları aparmaq mümkün olur.
Əvvəllər şəxsiyyət vəsiqəsi ilə şəxsi direktor təyin etmək olurdu, lakin indi bu da mümkün deyil. Çünki ərizədə həmin şəxsin özünün, yaxud xüsusi olaraq özünü direktor təyin etmək səlahiyyətinin göstərildiyi etibarnamə verdiyi şəxsin imzası olmalıdır. Yaxud müəssisə "Asan İmza" ilə onlayn şəkildə açılan zaman təsisçi olan şəxs həm də formal direktor olur.
Şirkətin adından əldə olunan notarial etibarnamə ilə bütün səlahiyyətlər, o cümlədən bank və gömrük əməliyyatlarının aparılması, təmsilçilik məsələləri ilə bağlı səlahiyyətləri – bu şəxslərə verilir. «ASAN imza» nömrəsi də artıq həmin şəxslərdə olduğu üçün onlar şirkətlə bağlı bütün əməliyyatları apara bilirlər.
- Bundan sonra nə baş verir – şirkətin formal sahibi ilə real sahiblərinin əlaqəsi necə olur?
- Qeyd edim ki, həmin formal şirkət sahibləri işin real sahiblərini çox vaxt tanımırlar. Çünki arada bir neçə şəxs olur və işləri onlar aparırlar. Adına şirkət yaradılan şəxslə bu adamların münasibətləri fərqli ola bilər – ona aylıq ödəniş edir və ya birdəfəlik müəyyən qədər pul verirlər. Bu o hallarda olur ki, həmin şəxslər adlarına şirkət açıldığını bilsələr də, aparılan qanunsuz əməliyyatlardan və gələcəkdə onları hansı problemlərin gözlədiyindən tamamilə məlumatsızdırlar. Bu münasibətlər o vaxta qədər davam edir ki, günlərin birində bu adamların evinə Kommersiya Məhkəmələrinin birindən vergi borcunun olması (çox vaxt iri məbləğdə) və ölkədən çıxışına məhdudiyyət qoyulması məsələsinə baxılması barədə bildiriş gəlir.
Bəs ikinci üsul necədir - ola bilərmi ki, adına şirkət yaradılan şəxs əvvəlcədən, yəni hələ şirkət yaradılmadan kiməsə etibarnamə versin?
- Bəli, belə hallar da çox olur, yəni adına şirkət yaradılacaq şəxs, əvvəlcədən hələ şirkətin yaradılması – məsələn, təsis qərarı, ASAN imza nömrəsi və sertifikatı alınması üçün - başqasına etibarnamə verir. Bu etibarnamə yalnız şirkətin yaradılması üçün kifayət edir. Yəni şirkət yaradılandan sonra bu etibarnamə demək olar ki, əhəmiyyətin itirir. Həmin şirkətlə əməliyyat aparmaq üçün yenidən şirkətin adından notarial etibarnamə verilməlidir. Ona görə də təcrübədə ən çox yuxarıda dediyim birinci variantdan istifadə edilir. Yəni, adamı aparıb öz adına ASAN imza nömrəsi və sertifikatı aldırırlar, şirkəti təsis edirlər, sonra isə yenə də özünün iştirakı ilə notariusda şirkətin adından etibarnamə verməklə prosesə həmin şəxs olmadan davam edirlər.
- Bundan sonra şirkəti etibarnamə verilmiş şəxs idarə edir?
- Həmişə belə olmur, şirkətin idarə edilməsi ilə bağlı verilən etibarnamədə belə bir qeyd edilir ki, etibarnamənin verildiyi şəxs bu səlahiyyəti digərinə də ötürə bilər. Bu da müəsssisənin idarəçiliyini daha başqa adamlara ötürməyə və necə deyərlər, izi itirməyə imkan verir.
- Adlarına şirkət olan adamlar problemlərdən nə vaxt xəbər tuturlar və nəyə görə dərhal onların ölkədən çıxışına məhdudiyyət qoyulur?
- Əslində vergi orqanları ilk tədbir kimi şirkətin bank hesablarına sərəncam göndərirlər. Lakin həmin formal şəxslər “işin içində” olmadıqları üçün bundan məlumatsız olurlar. Ölkədən çıxışa müvəqqəti məhdudiyyət qoyulması isə vergi orqanlarının həyata keçirdiyi operativ inzibati tədbirdir. Qeyd etdiyim kimi, həmin şəxslər əsasən mövcud problem barədə bu tədbirin həyata keçirilməsi zamanı xəbər tuturlar. Məhkəmə sənədlərində əks olunan borc məbləğlərini gördükdə isə qayğılı günlər başlayır.
- Bəzi şəxslər bildirir ki, adlarına çoxsaylı şirkətlərin olduğundan xəbərsizdirlər. Belə çıxır onlar doğru demirlər?
- Elə hal mümkün deyil ki, şəxs heç hara getməsin və ya notariusda etibarnamə verməsin, amma adına şirkət açılsın.Texniki olaraq bu imkansızdır. Belə məlumatsızlıq əsasən şəxsin yalnız iki dəfə notariusa gedib etibarnamə verdiyi hallarda ola bilər. Çünki notariusda həmin şəxslərə verdiyi səlahiyyətlər barədə çox vaxt hər hansı məlumat verilmir. Şəxs imza çəkir və etibarnamədəki məzmundan məlumatsız olur. Amma o şəxslər ki, özləri şirkət açılması üçün Asan Xidmət Mərkəzlərinə aparılır, onlara bu barədə vergi əməkdaşları tərəfindən məlumat verilir və bəzən elə hallar olur ki, onlar həmin anda bu işin məsuliyyətini dərk edərək fikirlərindən dönürlər.
- Bəs müəssisə yaradıldıqdan sonra onunla hansı əməliyyatlar aparılır ki, belə böyük borclar yaranır?
- Belə əməliyyatlar müxtəlifdir. Əsasən əmtəəsiz, nağdlaşdırma üçün istifadə olunan əməliyyatlar, bəzən isə real əməliyyatların da olması mümkündür. Sadəcə vergi öhdəlikləri yerinə yetirilmədiyi üçün bütün inzibati tədbirlər sənəd üzə şirkət sahibi olan formal şəxsə tətbiq edilir. Halbuki onun aparılan əməliyyatlardan heç bir xəbəri olmur.
- Daha bir məsələ – belə şirkətlərlə bağlı böyük borclar gəlir – doğrudanmı bu əməliyyatlar nəticəsində belə məbləğlər yaranır?
- Burada birmənalı fikir söyləmək mümkün deyil. Şirkətin hansı fəaliyyətlə məşğul olması və hansı əməliyyatların həyata keçirilməsindən asılıdır. Hesablanan vergi məbləği iri və ya kiçik məbləğlər də olur, əsaslı və ya əsassız da ola bilər. Məsələn, təcrübədə elə hallar da olur ki, şirkətin faktiki, yəni real rəhbəri aparılan hesablama ilə razılaşmır və işin məsuliyyətini öz üzərinə götürərək həmin borcun ləğv edilməsi istiqamətində hüquqi müdafiə vasitələrindən istifadə edir. Belə hallarda adına şirkət açılan formal rəhbərlər inzibati təsirlərə məruz qalsalar da, müəyyən müddət işin müsbət həll olunmasını ümidlə gözləyirlər.
- Bəs belə hallarla üzləşən şəxslər vəziyyətdən necə çıxa bilərlər. Onların adında böyük borc və sanksiyalar var. Ölkədən çıxışlarına qadağa qoyulub və sair. Bu vəziyyətdə zərərçəkəni, yəni adına şirkət yaradılan, amma əməliyyatlardan xəbərsiz olan şəxsi «xilas etmək» olar?
- Bu problemin hüquqi həlli yolu kimi iki imkandan yararlanmaq olar. Birincisi odur ki, şirkətdən istifadə edib əməliyyatları aparan şəxs gizlənmir, tapılır. Bu halda bütün məsuliyyəti onların üzərinə qoymaq üçün onlarla notarial qaydada MMC-nin təsis payının alqı-satqı müqaviləsi bağlanılır. Yəni şirkət öz borcları və problemləri ilə birlikdə aldadılan şəxsin adından çıxarılır və bu işləri həyata keçirən şəxslərin adına keçirilir və onlar artıq öz problemlərini özləri həll etməyə başlayırlar. Beləliklə, şirkətin təsis sənədləri yenilənir və formal şəxs həmin şirkətlə bağlı məsuliyyətdən azad olur. Təcrübədə belə hallara çox az rast gəlinir. Çünki formal şəxsin adına müəssisə açıb işlətməkdə məqsəd zatən sabah baş verəcək məsuliyyətdən yayınmaqdır.
- Şirkətin faktiki sahibləri ilə əlaqə olmadığı halda isə çıxış yolu yalnız məhkəmə qaydasında mümkündür. Hansı ki, uzun və çətin prosesdir.
- Fırıldaqçı tərəfi, yəni şirkəti real idarə edən, bu əməliyyatları aparıb gəlir əldə edən adamı həmişə tapmaq mümkün olurmu?
- Xeyr, əksər hallarda həmin adamları tapmaq mümkün olmur. Belələri şirkət yaranan kimi formal adamla əlaqəni kəsirlər.
- Bəs belə olanda nə baş verir, borc formal adamın üstündə qalır?
- Şirkətin formal sahibi bu barədə məlumatlı olduqdan sonra ilkin olaraq asan imzadan istifadə imkanını məhdudlaşdırmalı, verdiyi etibarnamələr ləğv etməli və bu barədə vergi orqanına məlumat verməlidir. Bütün bunlar yenidən oxşar əməliyyatların baş verməməsini sığortalamaq üçündür. Həmin vaxtadək baş verənlərə görə isə yaxşı olar ki, şəxs məsələni vergi orqanına yaxınlaşaraq araşdırsın. Əgər müəyyən olunsa ki, şirkətin əsas vergi borcunun məbləği 50 min manatdan artıqdır, o zaman fakt üzrə cinayət işinin başlanması üçün şirkətin qeydiyyatda olduğu yerli vergi orqanına müraciət etsin. Çox vaxt vətəndaşlar birbaşa DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciətlər edirlər ki, həmin qurum hazır qəbul olunan material əsasında cinayət işi başladığı üçün belə müraciətlər nəticəsiz qalır. Cinayət işi başlandığı halda istintaq orqanı ilk olaraq həmin formal şəxsi çağıracaq. Çünki formal olaraq müəssisənin rəhbəri odur. Həmin şəxsin verdiyi etibarnamələr, gömrük, bank sənədləri, həmin sənədlərdə adları keçən şəxsləri tanıması və s. araşdırılacaq. Formal şəxs bütün baş verən hadisəni danışacaq. Adətən belə şəxslərin əksəriyyəti aztəminatlı şəxs olduğuna görə, onlar, necə deyərlər, qapıdan içəri girən kimi, istintaq orqanı onun bu əməliyyatlarla nə qədər aidiyyatı olub-olmadığını müəyyən edə bilirlər. Və bu şirkətin gördüyü işlərdə real faydalanan şəxsin kimliyinin, yəni müəssisənin faktiki rəhbərinin müəyyən olunması istiqamətində addımlar atılır. Müxtəlif üsullarla - şahid ifadələri, bank-gömrük sənədləri, proqram təminatı imkanları və s. vasitələrlə faktiki şəxs müəyyən olunarsa ona qarşı ittiham elan olunur və iş məhkəməyə göndərilir.
Bəs bundan sonra nə baş verir?
- Bundan sonra təqsirləndirilən şəxsin faktiki rəhbər olmasını təsdiq edən məhkəmə hökmü çıxarılmalıdır. Bu dövrədək müəssisənin formal rəhbəri, yəni adına şirkət açılan şəxsin adı hələ də reyestrdədir - onun ölkədən çıxışına qadağa hələ də qüvvəsindədir, icra məmuru isə daha zəng etmir:). Formal şəxs həmin hökmü əsas götürərək adının hüquqi şəxslərin dövlət reyestr məlumatlarından çıxarılmasına çalışmalıdır. Bu səbəbdən həmin şəxs DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə hökmü əlavə etməklə müvafiq ərizə ilə müraciət etməlidir. Vergi orqanının imtina təqdim etməsi mümkündür ki, müvafiq təsis qərarı və digər sənədlər yoxdur. Bu halda qeyd olunan dəyişikliyin həmin vergi orqanının üzərinə qoyulması üçün inzibati məhkəmədə iddia qaldırılmalıdır.
Qeyd etdiyim proses xeyli vaxt alan olduğu üçün formal rəhbər cinayət işinin nəticəsini gözləmədən özü də çıxış yolu kimi məhkəmədə iddia qaldıra bilər. Lakin bu zaman kifayət qədər sübutlar olmalıdır. Şirkət etibarnamə verildikdən sonra açıldığı halda bu iddia daha perspektivlidir. Şəxs özü bütün qeydiyyat proseslərində iştirak edibsə bu halda sübutetmə imkanı xeyli çətinləşir. Bu halda etibarnamə verilən şəxslə yazışmaların olması arzuolunandır. Qısa qeyd edim ki, belə halda etibarnamə verilən şəxsə qarşı iddia qaldırılmalı və həmin şəxsin şirkətin təsisçisi və direktoru kimi tanınması tələbi irəli sürülməlidir. Bu iş üzrə qətnamə qüvvəyə mindikdən sonra eynilə hökmdən sonra qeyd etdiyim qaydada vergi orqanına qətnamə əlavə edilməklə müvafiq ərizə ilə müraciət edilməlidir.
Yeri gəlmişkən, əsas vergi borcu məbləği 50 min manatdan aşağıdırsa, artıq ilk imkandan yararlanmaq şansı yoxdur və şəxs yalnız sonuncu üsulla çıxış yolu tapmağa məcburdur.
- Qətnaməni vergi orqanına verdikdən sonra məsələ bitir?
- Ola bilir ki, belə müraciətlərə vergi orqanı imtina cavabı təqdim etsin. Bu zaman, qeyd etdiyim kimi, inzibati məhkəmə qaydasında həmin orqana qarşı iddia qaldırılmalıdır. İddia təmin olunduqda problem tam qaydada həll olunur.
- Təcrübənizdə belə hallarla çox rastlaşmısınız və bunlar necə həll olunur?
- Bəli, belə hallar çox olub. Məsələ məhkəmə qaydasında sübuta yetirilib və həllini tapıb.
- Sirac müəllim, ümumiyyətlə belə bir üsul varmı ki, şəxs - onun adına MMC açılıb-açılmadığını, hansısa əməliyyat aparıldığını yoxlaya bilsin?
- Şəxsin adına olan “Asan imza” nömrəsi özündədirsə, asanlıqla elektron kabinetdən hər hansı şirkətdə qanuni təmsilçi olub-olmadığını, rəsmi alqı-satqı əməliyyatlarını görə bilər. “Asan imza” nömrəsi olmadan isə Dövlət Vergi Xidmətinin sayında FİN kod və şəxsin öz adına olan mobil nömrə vasitəsilə şəxsi kabinetə daxil olmaqla ora hər hansı təsis sənədlərinin gəlib-gəlmədiyini görmək olar. Digər bir üsul isə şəxsiyyət vəsiqəsi ilə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqdır.//dia.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?