Azərbaycanda dinə qarşı kəskin tənqidləri, Tanrıya, yaradılışa fərqli baxışı ilə diqqət çəkən, filologiya üzrə fəlsəfə doktoru, ozan Fəxrəddin Salimlə söhbətimiz baş tutdu.
-Fəxrəddin müəllim, bir vaxtlar “dindarlarla cənnətdə yaşamaqdansa, Nəsimiylə cəhənnəmdə yanmağı üstün tutaram” ifadəsini işlətmişdiniz. Yenə həmin fikrinizdə qalırsınızmı?
-Sualınıza geniş cavab verəcəyəm. Həzrəti İbrahimin vaxtında yaşamış Nəmrud adlı hökmdar vardı. Onun ismi səmavi kitablarda da keçir. Nəmrud uzun müddət özünü Allah hesab etdiyindən həzrəti İbrahim ona müxalif çıxmışdı. Bunun nəticəsində Nəmrud onu oda atdırır. Amma İbrahimdən əvvəl o, bütlərə sitayiş etməyən bir gənci dərin çuxura atdıraraq onu odlayır. Hətta həmin müxalif gənci heç kimin xilas etməsinə yol verməmək üçün çuxurun ətrafında əsgərlər düzdürür. Bu zaman həmin şəxsin anası son dəfə övladını görmək üçün fəryad qoparanda, odun içində yanan oğlu deyir: “Ana, bura düşündüyün kimi pis yer deyil. Kaş ki səndə burda olaydın. Çünki mən eşqin atəşində yanıram”. Bu rəvayətdən anlayırıq ki, cənnət həzzi, cəhənnəm əzabı kimi əfsanələri, əsatirləri Allah yox, insanlar icad edib. Allah heç vaxt icad etməz, o mövcud deyil. Peyğəmbərlər də onun təkrarçısı olduğu üçün mövcud deyillər. Sonralar bir qrup insanlar dinlər icad etdilər, onun da əsasını cənnət-cəhənnəm utopiyaları üzərində formalaşdıraraq, şaxələndirdilər. Biz başlanğıc, vəhdət olan Allahı yox, özümüzün yaratdığı allahı üstün tutduq, onun adından kitablar nazil etdik, cənnət-cəhənnəm yaratdıq. Bu da yəhudilərin Sion dağlarına çıxaraq özlərindən mələklər uydurub, mövcüd olmayan allahla güya rabitə yaratmalarından başqa bir şey deyil. Yəni, bu günkü səmavi dinlərin, teist inanclı insanların baxışı Sion nəzəriyyəsindən qaynaqlanır. Əgər cənnət düşüncəsi insanlar tərəfindən spekulyasiya edilibsə, insanlar cənnət röyası ilə motivə edilərək dünyada müəyyən güc dalğası altında tutulursa, deməli cəhənnəm onun tam əksidir, yəni müsbət enerji və eşqin alovudu. Bütün bu dediklərimdən sonra spekulyasiya, manipulyasiya vasitəsilə insanları qarşı-qarşıya qoyan, qanlar tökən, utopiyalar təbliğ etməklə dünyanı viran qoyanlar cənnət əhli hesab olunursa, deməli Nəsimi 100 % cəhənnəmdədir. Ona görə də verilişdə Elşad Miriyə dedim ki, səninlə və sənin kimilərlə cənnətdə huri-qılman, səlsəbil keyfi yaşamaqdansa, cəhənnəmdə Nəsimiylə birgə eşqin atəşində yanmağı üstün tuturam. Nəsimi kimi düha bu gün də tam bəraət qazanmayıb. Nəimi, Nəsimi, Həllac Mənsur, Şihabəddin Sührəvərdi və adlarını açıqlamadığım onlarla üstzəkalı insanları, özlərindən allah, din, cənnət yaradanlar amansızlıqla qətl etdilər. Amma qətl etməklə də özləri məğlub oldu, çünki öldürmək məğlubiyyət, ölüm isə qələbədi. Nəsiminin dərisini soymaqla edam edənlər, əslində onu ucaltdı.
-Siz Tanrının varlığını qəbul etmirsiniz. Bəs yaradılış necə baş verib?
-Tanrı əlahiddə olaraq nə kainatı, nə də bizi yaratdı. Tanrı özünü yaratdı, onun içində biz də varıq. Hər şey bir yerdə Tanrıdır. Mənə görə Tanrı vəhdətdir.
-Nəsimidə ziddiyyətlərmi çoxdu, insan ağlımı onu dərk etməkdə çətinlik çəkir, yoxsa ümummiyyətlə dünya Nəsiminin ideyaları səviyyəsinə gəlib çatmayıb?
-Nəsimiyə yanaşma tərzimiz idrak deyil. Biz onu dərk etmək istədiyimiz üçün dərk edə bilmirik. Nəsimi dərk edilmək üçün deyil. İdrak ağılda baş verir. Ağıl ilə eşqi anlamaq imkansızdır. Mövlanə deyir: “Ağıl bir ata bənzəyir. At dənizin sahilinə qədər gedə bilir və sahilin qarşı tərəfinə keçə bilmir. Ağıl da eynən eşq dəryasının sahilinə qədər dərk edə bilir. Bəs eşq dəryası nədir? Bayaq yuxarıda Tanrı vəhdətdir dediyim elə o eşqdir. Fikrimi bir qədər də açım. İki sevişən insanı götürək. Onların fiziki, ruhi zövqü bitdikdən sonra alovlu hislər tükənərək donuqluq yaranır. Əslində fiziki təmas eşqin, sevginin bitdiyi yerdi. Nəsimi də eynən bitməyən, sonsuz eşqin üstünlüyünü bəyan edirdi. Onun yaradılışa, insanlığa, həyata baxışı da həmin o eşqdən qaynaqlanırdı.
-Sizcə, bir-birini sevən insanlar cinsi yaxınlıq etməməlidi?
-Fiziki təmas anında eşq-sevgi bitir. Təmas bitdikdən sonra sevgi yenidən başlaya bilir. Amma ali eşqlər cinsi yaxınlıqdan sonra bitir. Kim ali eşqini sonlandırmaq istəyirsə, sevişsin. Bir şeyi bilin! Həyat ayrılıqdır, ölüm isə vüsal.
-Fəxrəddin müəllim, sizin dinlə bağlı fikirləriniz cəmiyyətdə aqressiya ilə qarşılanır. Bunun səbəbi nədir?
-Dinlər tamamilə insan məhsuludur. Ona görə dinləri, dini fanatikləri qəbul etmirəm. Heç bir peyğəmbərin sağlığında din olmayıb. İnsanlıq tarixində iki böyük şəxsiyyət öz dövrlərində dinlərə qarşı çıxıb. Qüdsdə dünyaya göz açan İsa yəhudiliyə, Ərəbistan yarımadasında doğulan Məhəmməd isə bütpərəstliyə müxalif olub. Amma hər iki insan dünyadan köçəndə, onların şəxsiyyətinə fanatikcəsinə pərəstiş üzərində din yaratdılar. Din birləşdirici sistemdi. Ərəb burjuaziyası Məhəmmədin Tanrıya olan eşqindən, harayından istifadə edərək din yaradıb bütün ərəb qəbilələrini bir bayraq altında birləşdirdilər. Dinin də adını qoydular İslam. Eləcə də Əbdülqadir Geylanin sağlığında geylanilik, Mövlanə də həyatda ikən mövləvilik olmayıb. Həmçinin heç bir sufi şeyxlərinin sağlığında onların təriqətləri olmayıb. Odur ki, Məhəmmədin, İsanın, Mövlanənin dediklərini anlamayıb, kor-koranə pərəstiş, şəxsi mənfəətləri naminə dinlər, təriqətlər, kastalar yaradan və onların milyonlarla ardıcılları təbii ki, mənim Tanrı, dinlə bağlı fikirlərimi qəbul etməyəcək.
-Dediyiniz məntiqlə yanaşsaq, XVI əsrdə yaşamış Martin Lüter katolik kilsə xadimlərinin və Roma papalarının riyakarlığına, istismarçılığına qarşı çıxaraq onları rüsvay etdi. Nəticədə Xristian dünyasında növbəti parçalanma, yeni cığır yarandı. Amma buna görə Martin Lüteri nə peyğəmbər elan etdilər, nə də adına din yaratdılar. Bunu necə izah edərsiz?
-Çünki Martin Lüterin mənsub olduğu alman xalqı Məhəmmədin ümmətindən daha müdrik, elmli, tərəqqipərvər idi. Buna görə də onlar keşişlərin, papaların uydurduğu cənnət xülyasından, kilsənin dominantlığı, klerikal, fidelist dəyərlərə tüpürüb rasional düşüncələrə axın etdilər.
-Amma həmin rasional, dünyəvi düşüncəli alman xalqı Martin Lüterin, Fridrix Şillerin, Artur Şopenhauerin, Yohann Volqanq Hötenin ideyaları ilə yox, Bismark ilə Hitlerin qəzəbi və yumruğu altında birləşib dünyaya meydan oxudu. Sizə elə gəlmirmi ki, savadlı, müdrik xalqlarda zaman-zaman böyük mənəvi boşluq, etnopsixoloji tənəzzül baş verir ki, nəticədə xalq ziyalıların, aydınların yox, mühafizəkarların çətiri altına yığışır?
-Bismark ilə Hitlerin haqlı məqamlarını vurğulayıb antisemit kimi damğalanaraq diqqət cəlb etmək istəmirəm. Amma bəzi həqiqətləri vurğulamağı özümə mənəvi borc bilirəm. Dünyada yəhudilərin teologiyasına boyun əyməyən insan oğlu yoxdur. Hitler həmin yəhudi teologiyasına boyun əyməyən, ona qarşı çıxan nəhəng meteorit idi. Hitler cənnət-cəhənnəm xülyasına görə dünyanı qarşısına almamışdı. Onun başlıca məqsədi Versal sülhü nəticəsində qüruru tapdalanmış, aşağılanmış alman xalqını başını ucaltmaq idi. Hitlerdən bir az da qədimə gedək. Makedoniyalı İsgəndər qəddarlığında, amansızlığında nəinki Hitleri, hətta yüzlərlə hitlerləri geridə qoyan qatı infantil və qeyri-ənənəvi oriyentasiyaya sahib biri idi. Tarixi qaynaqlar sübut edir ki, onun Şərqə yürüşləri neçə-neçə şəhərlərin dağıdılması, onun sakinlərinin kütləvi qırğını ilə müşahidə olunub. Amma bu gün heç kim Makedoniyalı İsgəndəri qəddar tiran, işğalçı, mizantrop kimi tanımır. Onun adı gələndə deyirlər ki, antik dünyanın böyük fiquru, məğlubedilməz sərkərdə, Makedoniya Çarı, Misir fironu, Asiya hökmadarı, böyük Elin sivilizasiyasının banisidir. Adam 33 il ömür sürməsinə rəğmən Şərq ilə Qərb sivilizasiyasının hibridini yaratdı. Bu günə qədər Elin sivilizasiyası haqqında tədiqatlar aparılsa da, sonu gəlmir, yeni-yeni faktlar üzə çıxır. Yəni bu gün bizə insanlığın düşməni kimi təqdim olunan Hitler də bir neçə yüzillikdən sonra fərqli cür xarakterizə olunacaq.
Almanlarla bağlı bir maraqlı məqamı da vurğulayım. II Cahan savaşında Almaniya əzəli düşməni Fransanı darmadağın edəndən sonra, Vermaxt və SS hərbi birləşmələri nə Fransa muzeylərini, nə də tarixi abidələrini yerlə-yeksan etdi. Həmçinin 1944-cü ildə müttəfiqlərin təyyarələri Parisdəki alman orduları üzərinə bombalar yağdıranda, Luvr muzeyində ən qiymətli eksponatları, əsərləri qoruyan, onları təxliyə edən məhz alman zabitləri idi. Bu gün özünü Məhəmməd ümmətçiləri adlandıranlar isə İraqda, Suriyada. Misirdə, Yəməndə, Əfqanıstanda qədim sivilizasiyanın abidələrini dağıtmaq bir kənara qalsın, özlərini xilafətçi hesab edərək İslam dövləti qurmaq “eşq”i ilə insanlığın məhvinə yönəlmiş fəaliyyətlərlə məşğuldular. Ona görə də yuxarıda alman xalqının Məhəmməd ümmətindən üstün olduğunu boşuna demədim. Bizim həyata, dinə, Allaha baxışımız yanlışdır. O yanlış baxışı nə qədər düzəltməyə çalışsaq da, yenə həqiqəti görə bilməyəcəyik. Düşüncələrimizi kökündən dəyişməliyik.
-Kökündən dəyişmə prosesi necə olmalıdır?
-Baxın, bir insana deyirsən ki, əynindəki çirkli, yırtıq köynəyi soyun, başqasını geyin. Bunu eşidən insan əynindəki libasının yararsız olduğunu qəbul edir. Lakin soyunub geyinənə qədər üşüyəcəyindən qorxduğundan, əynindəki köynəyi çaxarmaq istəmir. Ona görə də ən böyük dəyişikliklər üzdə yox, daxili duyğularda, hisslərdə, yanaşmalarda olmalıdır. Bizim son 30 ildə dəyişiklik, inteqrasiya, müasirləşmə kimi adlandırdığımız proses bir çox tənbəl evdar xanımlarımızın təmizlik işləri apararkən, xalçanın üzərindən zibili süpürüb divanın altına yığmasına bənzəyir. İnsanın şüurunda, duyğularında dəyişmə mütləqdir. İnsanlığa ən böyük xəyanəti düşüncələrində və əməllərində dəyişməyən insanlar edir.
-Mən nəinki dəyişmişəm, hər gün dəyişirəm. Bir həqiqəti sizə etiraf edim. Bu dünyanın ən çətin işlərindən biri 50 yaşını keçmiş musiqiçinin başqa musiqi alətində, fərqli janrda özünü sınamasıdı. 50 yaşımdan sonra klassik Vyana məktəbindən tutmuş üzü bəri neoklassisizm, postmodernizm, barokko, rokoko, romans və digər janrlarda əsərlər yazaraq, onları özüm ifa etməyə başladım. Hər gün sübh tezdən saatlarla pianomun arxasında oluram. Sizcə, məni buna nə vadar edir?
-Yəgin ki, eşqiniz...
-Xeyr! Qoxmuşam, leş iyi verirəm. Özüm-özümdən iyrənirəm. Çünki dünən artıq bu gün deyil. Yəni, dünənki Fəxrəddini atıb, bu gün yeni Fəxrəddin olaraq üzərimdə işləyib ortaya yenilik qoymalıyam. Bunu bacarmıramsa, deməli canlı meyidəm, iylənirəm. Dahi Hüseyn Cavid demiş:
“Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var, ancaq yeniləşmək”.
Dünyada ən böyük cəhalət durğunluqdur. Ona görə insanlar daim durğunluqdan qaçmalıdır.
-Fəxrəddin Salim ölümdən sonra nə olacaq, necə olacağıq deyə düşünübmü?
-“Sağolsun”lar 124 min peyğəmbərin davamçıları, min illər ərzində o biri dünya haqqında o qədər cahilanə, cizgi filmindən daha bəsit, təkhüceyrəli təsəvvür yaratdılar ki, dərindən analiz edən, ağıllı, zəkalı insanlar axirətə inanmaz. Həmçinin mənə görə ölüm o qədər də, maraqlı deyil. Çünki həyat kifayət qədər uzundu.
-Zülmətdə işıq saçanlar, yoxsa işıqlı dünyanın enişli-yoxuşlarında insan kimi yaşamağı bacaranlar daha üstündü?
-Birinci qaranlıq yarandı. Fədakarlıq nəticəsində yaranan isə işıqdı. İşıq insan icadıdı. Tanrı insanı yaratmasaydı, kainatda işıq yanmayacaqdı. Ən əsası, işığın bir tərifi var: “İşıq ən aydın qaranlığa deyilir”. Sonda da qaranlıq olacaq. Qaranlıq və zülmət əbədidi.
-Bəs sizi insanların necə xatırlayacağı maraqlı deyil?
- Mən insanlar üçün yox, özüm üçün yaşayıram, başqalarını yox, özümü düşünürəm. Bütün enerjini, gücünü, ağlını özünün inkişafına həsr edib işıq olmağı bacarmalısan. İşıq səndə yanacaq və insanlar ya pərvanə kimi o işığa gələcək, ya da yarasa kimi ondan qaçacaq.
-Fəxrəddin Salimin işığına sığınanlar çoxdurmu?
-İşığımın olub-olmadığını hələ bilmirəm. Amma dəqiq bildiyim odur ki, gördüyüm pərvanələrin sayı yarasalardan çoxdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?