İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşdə Tehranın Bakı ilə İrəvan arasında danışıqlar platformasına çevrilə biləcəyini deyib.
Bu açıqlama onu göstərir ki, Rusiya və Avropa İttifaqının ardınca Tehran da yarışa qoşularaq Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etmək istəyir.
Gundemxeber.Az bildirir ki, Bizim.Media-ya açıqlamasında politoloq Sədrəddin Soltan qeyd edir ki, İranın prosesə bu istiqamətdə müsbət töhfə verməsi mümkünsüzdür.
Bu səbəbdən də ekspert Tehranın vasitəçilik təklifini ciddi hesab etmir:
“İranın Bakı ilə İrəvan arasında vasitəçilik etmə missiyası tarixdə özünü doğrulmayıb. 1992-ci ildə Şuşanın işğalı, Rəfsancani, Ter-Petrosyan və Ayaz Mütəllibovun danışıqlar apardığı bir zamanda Ermənistanın Azərbaycan ərazisində hərbi əməliyyatları aktivləşdirməsi sübut edir ki, İran hakimiyyəti bu məsələdə nüfuzlu vasitəçi ola bilmir. Ona görə də Musəvinin dediyi sadəcə olaraq İranın özünü xoşməramlı göstərmək missiyasından, münasibətləri normallaşdırmaq üçün edilən jestdən başqa bir şey deyil. Çünki vasitəçi tərəfsiz olmalı olduğu halda, İranın bu məsələdə tərəf saxlayır. İranın belə yanaşması müharibə zamanı, habelə ondan sonrakı dövrdə, eyni zamanda, son zamanlar da özünü göstərib. İranın bu məsələyə töhfə verməsi mümkünsüzdür”.
Həmsöhbətimiz bildirir ki, Azərbaycan və Ermənistan tərəfi onların təklifinə müsbət reaksiya versələr də, bunun faydası olmayacaq:
“Avropa İttifaqı məsələni həll edə bilmir, İrəvan buradan söz verir, oradan isə qaçır. Halbuki, Azərbaycan və Ermənistan Avropaya inteqrasiya xəttini seçib. İranla Azərbaycan və ya Ermənistanı birləşdirən isə heç nə yoxdur. Ola bilsin, İranın xatirinə iki ölkənin nazirləri bir dəfə gedib Tehranda hansısa görüş keçirsin. Amma bu heç nə verməyəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?