Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan İran prezidenti İbrahim Rəisinin fevralın 14-də Çinə olacaq üçgünlük səfərini şərh edərkən deyib. Ekspert qeyd edib ki, Tehran Pekini daha etibarlı tərəfdaş hesab edir:
"İranın arxalandığı əsas dövlət Çindir. Rusiyadan fərqli olaraq Çinin Qərbə münasibətdə tutduğu mövqe Tehranı daha çox qane edir. Bu baxımdan, Tehran Pekini daha etibarlı tərəfdaş hesab edir.
İbrahim Rəisinin Çinə səfərinin arxasında siyasi, iqtisadi, təhlükəsizlik maraqları dayanır. Tehranla Çin arasında 25 illik müqavilə imzalanıb ki, ona əsasən, İran iqtisadiyyatının 40 faizindən çoxu Çinin nəzarətinə keçir. Hətta Güney Azərbaycanın Xoy şəhərindəki əlvan metal, mis mədənlərinə belə Çin nəzarət edəcək. Bu da o deməkdir ki, Qərbin istismarından qaçdığını iddia edən İran hakimiyyəti Çinin istismarı altına keçir”.
Həmsöhbətimizə görə, Tehranın Pekinə yaxınlaşması İran rejiminin siyasi-ideoloji xəttinə ziddir:
"Xomeyni vaxtilə iddia edirdi ki, nə Şərqə, nə də Qərbə meyllənməyəcəklər, öz yollarını gedəcəklər. Amma hadisələr göstərir ki, İran tərəfi sosializmə, yəni allahsızlığa doğru yıxılır. Çin lideri ötən ay ərəb ölkələrinə səfəri zamanı BƏƏ-ə aid 3 adanın əmirliyə aid olduğunu bəyan edib. Bu isə İranla Çin arasında ciddi ziddiyyət yaratdı. Bununla belə, İran vəziyyətinin ağır olması səbəbindən, adalarla bağlı Çin rəsmisinin verdiyi bəyanatı göz ardına alıb, Pekinlə əlaqələri genişləndirməyə üstünlük verir. Başqa sözlə, İran Qərbə qarşı Çini alternativ rolunda görür”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?