Gundemxeber.az » Müsahibə » İrəvanın baş tutmayan “Laçın oyunu” - GƏLİŞMƏ
“Rusiya Federasiyasının sülhməramlı qüvvələri Laçın dəhlizini nəzarətdə saxlamalı və bununla da dəhlizin normal fəaliyyətini təmin etməlidirlər”.
Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib. Baş nazir vəziyyətin ümumi nizamlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib:
“Rusiya Federasiyasının sülhməramlı qoşunları Laçın dəhlizini nəzarətdə saxlamalı və bununla da dəhlizin normal fəaliyyətini təmin etməlidirlər. Yəni Laçın dəhlizinə Rusiya Federasiyasından başqa heç kim nəzarət etməməlidir. Azərbaycan da dəhlizlə sərbəst hərəkətə mane olmamalıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da, məhz bu nəzərdə tutulur”.
Ermənistan Milli Təhlükəsizlik Şurasını katibi Armen Qriqoryan isə siyasi əndazəni aşaraq Laçın-Xankəndi yolunun Rusiyaya aid olduğunu bildirib:
“9 noyabr Bəyanatına əsasən, Laçın dəhlizi Rusiya Federasiyasına məxsusdur və orada Rusiya sülhməramlıları yerləşdirilib”.
Armen Qriqoryan Ermənistan İctimai Televiziyaya müsahibəsində belə deyib:
“Azərbaycanın imzaladığı 9 noyabr tarixli bəyanata əsasən, Laçın dəhlizi tamamilə Rusiya Federasiyasına verilib və hazırda Laçın dəhlizində baş verən hadisələrə görə, tam məsuliyyəti, məhz o daşıyır. Təbii ki, müxtəlif ittihamlar, açıqlamalar ola bilər, amma reallıq belədir”.
Armen Qriqoryan Qarabağda yaşayan erməni əhalinin, guya etnik təmizləmə təhlükəsi olduğuna dair şovinist iddialar səsləndirib və Rusiyanı bunun qaraşısını almaq üçün fəaliyyət göstərməyə çağırıb.
Əslində, Ermənistan Laçın-Xankəndi yolu ilə bağlı təxribatçı bəyanatlar verməklə Azərbaycanın sərhəd-buraxılış məntəqəsini quraşdırmasına qarşı Rusiyanı siyasi mübarizəyə cəlb etmək istəyir. Ancaq Rusiya rəsmi səviyyədə Azərbaycanın bu addımına etiraz etmədi. Ona görə də Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd buraxılış məntəqəsi yaratması ilə Ermənistanda Rusiya əleyhinə ittihamların artacağı gözlənilir. Qeyd edək ki, Rusiyanın Laçın dəhlizindəki fəaliyyəti 10 (9) noyabr Bəyanatının 3-cü və 6-cı bəndlərində öz əksini tapıb. Razılaşmaya görə, Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Digər bənddə isə qeyd edilir ki, “Dağlıq Qarabağ”la Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Göründüyü kimi, üçtərəfli razılaşmanın heç bir bəndi pozulmayıb.
Əvvəla, 10 noyabr Bəyanatı Azərbaycana Laçın-Xankəndi yolunda sərhəd-nəzarət məntəqəsinin quraşdırılmasını qadağan etmir.
İkincisi, Rusiya sülhməramlı kontingenti yenə dəhlizdə fəaliyyətini davam etdirir. Yəni Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaratması sülhməramlı missiyaya mane olmur. Ancaq Rusiya hərbçiləri Azərbaycan ərazisinə həmin yolla qanunsuz silah-sursat daşınması, terrorçuların keçməsi və Qarabağdakı təbii sərvətlərin yağmalanaraq Ermənistan ərazisinə aparılmasına mane olmur. Ona görə də Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün post qurmaqla təhlükəsizlik proseduru həyata keçirir. Bu da 10 noyabr Bəyanatının 6-cı bəndinə uyğundur. Yəni Azərbaycanın fəaliyyəti vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinə təhlükəsizlik zəmanəti vermək barədə öhdəliyin icrasına xidmət edir. Eyni zamanda, Azərbaycan tərəfi sözügedən bəndə uyğun olaraq təhlükəsiz hərəkətə şərait yaradır.
GUNDEMXEBER.AZ-ın məlumatına görə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı “Cümhuriyət”ə bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Laçın dəhlizinin statusu müəyyənləşib. Adıçəkilən sənədə görə, sülhməramlı kontingentin 5 kilometr enində dəhlizə nəzarət etməsi Azərbaycanın suveren ərazisinin başqa dövlətə məxsus olması və ya verilməsi anlamına gəlmir:
“Armen Qriqoryan səhv edir. Çünki Azərbaycan öz ərazisində sərhəd-buraxılış məntəqəsi qurub. Azərbaycanın xarici dövlətlərlə bütün sərhəddi boyunca belə keçid məntəqələri var. Ona nəzarət olunmalıdır. Hər bir dövlətin, o cümlədən Azərbaycanın öz ərazisinə gediş-gəlişə nəzarət etmək, sərhəddə post qurmaq hüququ var. Bu, 10 noyabr Bəyanatında birbaşa öz əksini tapmasa da, Azərbaycanın əlindən həmin hüquqları almır. Azərbaycan bu hüququndan istifadə edib və öz qərarı barədə Rusiya sülhməramlı qüvvələrini də məlumatlandırıb. Həkəri çayının üstündə sərhəd-buraxılış məntəqəsinin quraşdırıldığı ərazi Azərbaycana məxsusdur. Sadəcə olaraq, Ermənistan hakimiyyəti belə bəyanatları ictimai rəyə hesablayıb verir. Dünyaya car çəkirlər ki, guya Azərbaycan Laçın-Xankəndi yolunu bağlayıb. Halbuki elə deyil. Bəyəm istənilən şəxs yoxlanılmadan əlini-qolunu yanına salıb Azərbaycan ərazisinə daxil olmalıdır? Bura Azərbaycan sərhədləridir. Ölkəmizə gəlib-gedənlərin kimliyi bilinməlidir. Azərbaycanın əleyhinə olan bəzi dövlətlər bu məsələdə bəyanatlar versə də, dünya birliyi və beynəlxalq təşkilatlar Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin yaradılmasını anlayışla qarşılayır.
Avropa dövlətlərinin ərazisinə də yoxlama nəzarətindən keçmədən daxil olmaq mümkün deyil. Ermənilər bundan siyasi məqsədlərlə istifadə edib Qarabağda öz müqəddaratını təyinetmə hüququnu dilə gətirməyə çalışırlar. Əslində, belə hüquq yoxdur. Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Əgər onlar bunu istəmirsə, çıxıb gedə bilərlər. Yəni BMT-nin prinsiplərinə görə, insanlar hər bir ölkənin ərazisində sərbəst şəkildə yaşamaq hüququna malikdir. O cümlədən Azərbaycan türkləri Ermənistan ərazisində yaşamaq hüququna malikdir. Yəni Qarabağda yaşayan erməni əhaliyə də belə seçim haqqı verilib. Ona görə də Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsi qurması beynəlxalq hüquqa uyğundur”.
Qafar Çaxmaqlı bildirib ki, Azərbaycanın Laçın-Xankəndi yoluna nəzarət etməsi Ermənistanı narahat edir. Çünki Ermənistan bu məsələ ətrafında siyasi ajiotaj yaratmaqla Qarabağda məskunlaşmış ermənilərin statusu məsələsini gündəmə gətirmək istəyir:
“Qarabağdakı erməni sakinlərinin gələcək reinteqrasiya məsələləri Azərbaycanın daxili işidir. Bu, Azərbaycan qanunları ilə tənzimlənəcək. Rusiyanın özü də sərhəd-buraxılış məntəqəsinin açıqlmasını anlayışla qarşıladı. Çünki Rusiyanın Azərbaycanla sərhədi var. Rusiya özü Azərbaycan vətəndaşlarının icazəsiz öz ərazisinə daxil olmasına razı olmaz. Ona görə də Laçın-Xankəndi yolu Azərbaycanın sərhədləri daxilində olan ərazidir və oradan istifadə edən hər kəs yoxlanılmalıdır”.
GUNDENMXEBER.AZ
11-11-2020, 13:57
10-11-2020, 09:34
27-12-2022, 20:01
18-12-2020, 10:41
7-09-2021, 14:04
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?