Gundemxeber.az » Müsahibə » Ədliyyə Nazirliyi Böyük Quruluş Partiyasının sənədlərini dəqiqləşdirmələr aparılması üçün geri qaytarıb
Ədliyyə Nazirliyi yenidən qeydiyyatdan keçmək üçün müraciət edən Milli Məclisin deputatı Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxladıqdan sonra dəqiqləşdirmələr aparılması üçün geri qaytarıb. Nazirlik problemlərin aradan qaldırılması üçün 1 ay vaxt verib.
Fazil Mustafa Amerikanın Səsinə deyib ki, partiya 8408 nəfərlik siyahı təqdim edib.
“Yoxlama zamanı 4000-ə yaxın imzada müəyyən problemlər olub. Onun 3012-si sadə texniki düzəlişlərdir. Min nəfərin siyahısı isə müxtəlif problemlə bağlıdır, başqa partiya üzvü olan və yaxud partiya üzvlüyünü təsdiq etməyən insanlardır. Bizim partiyanın siyahısında 4020 nəfərin partia üzvlüyü təsdiq olunub. Üç min nəfərlə bağlı isə texniki düzəliş edildikdən sonra Ədliyyə Nazirliyinə təqdim ediləcək. Ümid edirəm ki, obyektiv yanaşıb qeydə alacaqlar”, o qeyd edib..
O, “Siyasi Partiyalar haqqında” yeni qanunun siyasi partiyalar üçün yaratdığı problemlərlə bağlı sualın cavabında deyib ki, “yenidən qeydiyyatdan keçməyin özü yeni bir problemdir”.
“Yəni yenidən təşkilati işlərlə məşğul olursan. Bunun müsbət tərəfi də var ki, artıq hər bir partiya artıq özünün yenidən təşkilatlanmasını təmin edir. Yalnız öz ümidimizə qalsa idi, yenidən qeydiyyat olmasa idi, bəlkə o sahədə nöqsanlıar da olardı. Məsələn, bəzən rayonlarda vəfat etmiş şəxslərin uçotu unudularaq aparılmayıb. İnid burada təsdiq edilib ki, şəxs vəfat edib. Bizim partiyada 12 nəfərin vəfat etməsində söhbət gedir. Biz artıq onları siyahımızdan çıxarmış olduq. Bu mənada müsbət tərəfi də var,” Mustafa Amerikanın Səsinə deyib.
Siyasi Partiyalar haqqında” yeni qanuna görə, Azərbaycanda siyasi partiyalar yenidən qeydiyyatadan keçir.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 siyasi partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib.
Mətbuat xidməti bildirir ki, digər 27 siyasi partiya üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Problemlər aşkar olunmuş siyasi partiyalara çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Hazırda qeydiyyatdan keçən yeganə partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasıdır.
Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə deyib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb.
“Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi. Bu partiyaların çoxluğu nə cəmiyyətdə demokratik proseslər yarada bilmədi, nə vətəndaşların siyasi partiyalara qoşulması üçün hansısa bir müsbət impuls yarada bilmədi. O cəhətdən düşünürəm ki, partiyaların çoxluğu, bu istiqamətdə olan fəaliyyətlər heç də cəmiyyətin demokatikləşməsinə, plüralizmə gətirib çıxarmadı,” o bildirib.
Qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmiş 27 siyasi partiyanın neçəsinin qeydiyyatdan keçmək imkanları ilə bağlı sualın cavabında siyasi təhlilçi deyib ki, belə görünür ki, burada qanunvericiliyin norma və tələblərindən daha çox siyasi qərarlar həlldedici olacaq.
“Ədliyyə Nazirliyinin təkcə telefon zəngləri ilə insanların partiyaya üzv olub-olmadığını müəyyənləşdirməsi çətin məsələdir. Üzvlərin müəyyənləşdirilməsi üçün başqa metodlar da seçilməlidir. Təkcə telefon zənginə istinad edilməsi gələcəkdə hüquqi nəticələr doğuracaq. Razı olmayan partiyalar məhkəmələrə müraciət edəcək və Avropa İnsan Haqları Məhkəməsi siyasi hüquqları təmin edəcək və bununla dövlətin də üzərinə müəyyəb bir məsuliyyət qoyacaq. Bu nöqteyi-nəzərdən üzvlərin yoxlanılması fəqrli, daha doğrusu daha şəffaf olsa idi o zaman bu daha etimadlı ola bilərdi. Hər halda vətəndaş cəmiyyətinin, nazirliklərin yanındakı ictimai şuraların, onun da etimadlı üzvlərinin iştirakı ilə bu yoxalmalar həyata keçirilə bilərdi. Digər tərəfdən də düşünürəm ki, Azərbaycan kimi antidemokratik bir ölkədə beş min nəfərin bir partiyaya üzv olması çətin məsələdir. Xüsusilə də hakimiyyətin müxalif yönümlü siyasi təşkilatlara münasibətinin nə qədər basqıçı olduğunu nəzərə alsaq, həqiqət bundan ibatərdir ki, hətta müxalif siyasi partiyalara üzv olan insanlar bunu gizlədir. Ona görə ki, bu təqiblərlə, onların işlərini itirməsi ilə, yaxınlarına təzyiqlərlə nəticələnir. Ona görə də düşünürəm ki, Ədliyyə Nazirliyinin seçdiyi metod, siyasi partiyalar, o cümlədən də müxalif siyasi partiyalar üçün çətin bir vəziyyət yaradıq,” Məmmədli hesab edir.
Prezident İlham Əliyev “Siyasi Partiyalar haqqında” yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.
Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.
“Siyasi Partiyalar haqqında” qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.
Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.
Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.
Gundemxeber.az
10-10-2014, 17:58
2-12-2015, 15:27
11-11-2017, 13:36
8-11-2014, 01:15
2-05-2023, 22:11
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?