Vidadi Mirkamal: “Biz seçkiyə gəlməyən 80 faiz əhali ilə işləyib onları fəallaşdırmalıyıq” “Gündəm xəbər” əməkldaşının suallarını Milli Şuranın Hüquq komissiyasının sədri, ədliyyə generalı Vidadi Mirkamal cavablandırıb. - Vidadi bəy, Milli Şuranın son toplantısından razı qaldınızmı? - Milli Şura prezident seçkilərini müzakirə etməli və bu məsələni daim diqqətdə saxlamalıdır. Siz də bilirsiniz ki, prezident seçkilərindən sonra Milli Şuranın sessiyası keçirilməyib və bu səbəbdən də bir xeyli məsələlərin müzakirəsinə ehtiyac var idi. Həm də aradan keçən bu müddətdə Milli Şuranın təkmilləşdirilməsi, struktur islahatlarının aparılması haqda təkliflər səslənirdi. Həm Milli Şuranı sevənlər, həm də sevməyənlər müəyyən bəyanatlar verirdilər. Odur ki, Milli Şuranın formatı, tərkibi, gələcəyi, idarəetmə orqanları ilə bağlı bir xeyli məsələlər toplanıb qalmışdı. Bütün bu qəbildən olan məsələlər sonuncu sessiyada ətraflı şəkildə müzakirə edildi. - Sizin təklifləriniz daha çox nə ilə bağlıdır və Milli Şuranın toplantısında nəzərə alındımı? - Mənim təkliflərim hökmən nəzərə alınmalıdır. Mənim təkliflərim prezident seçkilərindən əvvəl irəli sürülüb. Eləcə də Milli Şuranın iki sessiyasında mən bu haqda danışmışam. Mən hesab edirəm və təklf etmişəm ki, Milli Şura idarəolunan bir orqana çevrilməlidir. Milli Şura yaranan zaman idarəolunan orqanlar yaranmadı. Sonrakı mərhələdə prezident seçkiləri gəldi və Milli Şura da seçkilərə bu formatda getdi. İndiyə qədər Milli Şuranın idarə aparatı formalaşmayıb. Bu günə qədər Milli Şuranın legitim və qərarverici orqanı olmayıb. Əslində qalsa yalnız icra aparatı təşkil edilmişdi. Bu qurum da prezident seçkilərndən əvvəl fəaliyyət göstərdi. Cəmil Həsənli prezidentliyə namizəd elan olunduqdan sonra faktiki olaraq icra aparatı fəaliyyətini dayandırdı. Komissiyalar müəyyən mənada təşkil edilib, amma qanunverici və qərarverici strukturlar olmadığından bu komissiyaların fəaliyyəti nəzərə çarpmır. Mən hesab edirəm ki, bu məsələlər həll edilməlidir. Əks halda Milli Şura ayağı və başı olmayan bir orqan olardı. Yəni yerlərdə təşkilat və idarəetmə qurumları yoxdur. Milli Şuran yaranan zaman qurumun əsasnaməsi də qəbul olunmuşdu. Mən hesab edirəm ki, əslində bu əsasnaməyə də əl gəzdirilməlidir. Milli Şura strukturlaşmalı, ilk növbədə hədəfləri müəyyənləşməlidir. İnsanlar da bilməlidir ki, Milli Şura niyə yaranıb, nələri etməlidir, hansı addımları atacaq, hədəf nədir və s. Əsas məsələ Milli Şuranın statusu ilə bağlıdır. Şəxsən mən hesab edirəm ki, Milli Şura üç formada fəaliyyətini davam etdirə bilər. Birincisi, Milli Şura bütün müxalif qüvvələrin demokratiya koalisiyası kimi ümumi fəaliyyəti koordinasiya edə bilər. Belə halda strukturların yaranmasına, təşkilatlanmaya ehtiyac var. İkincisi, mənim dəstəklədiyim və ən optimal format Milli Şuranın seçki blokuna çevrilməsidir. Bu zaman hədəf kimi 2015-ci il Milli Məclis seçkiləri götürülə bilər. Milli Şurada demokratik müxalifətin güc mərkəzi kimi çıxış edə bilər. Bu zaman strukturlaşmada müəyyən dəyişikliklər ola, 125 dairə üzrə qərargah yaradıla, namizədlər müəyyən edilə bilər. Seçkilər göstərib ki, demokratik qüvvələrin yerlərdə və məntəqələrdə təmsilçiliyi zəifdir. Bu mənada 2015-ci il seçkilərini hədəf götürərək 125 seçki dairəsində güclü hazırlıq işləri aparmaq, mümkün qədər namizədləri seçmək, qüvvələri saf-cürük etmək vacibdir. Üçüncü format az inandırıcı olsa da, bu zaman Milli Şura müəyyən hadisələr və ya proseslər zamanı toplaşan bir orqan ola bilər. Hər halda bu da müzakirə mövzusudur. Mən hesab edirəm ki, bütün variantlar müzakirə edilməlidir ki, Milli Şura fəaliyyətini davam etdirsin. - Niyə seçkidən əvvəl Milli Şuraya ciddi ehtiyac hiss edilirdi, hətta seçkidən az sonra da Milli Şuraya ehtiyac var idi, mitinqlər keçirildi. Ancaq sanki indi bu məqamlar hiss edilmir. Əvəzində Milli Şuranın bir məsləhət orqanına çevrilməsi kimi təkliflər irəli sürülür. Bu Milli Şuranın gələcək fəaliyyətinə, nüfuzuna problem yaratmırmı? - Bu təbiidir və nəzərə almaq lazımdır ki, seçki qabağı eyforiya güclü, təşəbbüskarlıq isə yüksək həddə olur. Qüvvələrdə toparlana bilir. Bu mənada seçkidən öncə ruh yüksəkliyi, Milli Şuranın rolu çox yüksək idi. Hər bir ölkədə siyasi qüvvələr seçkidən sonrakı dövrdə müəyyən fəaliyyətsizliyə düçar olurlar. Amma bu ümumi tendensiya deyil. Çünki Milli Şurada məsələlər çoxdan həll edilməli idi. Milli Şura prezident seçkilərinə vahid orqanizm kimi daxil ola bilmədi. Seçkilərdən sonra Milli Şuranın sessiyasının uzun müddət çağırılmaması, toparlanmamaq, bu məsələlərin həllinin tapılmaması Milli Şuranın nüfuzuna zərbə vurdu, onun ətrafında olan ajotajı azaltdı. Mən hesab edirəm ki, bu həm seçkinin nəticələri ilə bağlı idi, həm də təşəbbüskarlığın və islahat meyllərinin olmaması ilə əlaqədar idi. Güman edirəm ki, bu məsələlərlə bağlı suallara cavab tapılsa Milli Şura demokratik qüvvələrin əsas güc mərkəzi olaraq qalacaq. - Siyasi qüvvələr Milli Şuranın saxlanılmasında nə dərəcədə maraqlıdırlar? - Əgər desək ki, bu qüvvələrin hamısı səmimi və əladır yalan olar. Çünki siyasi qüvvə ona görə siyasi qüvvədir ki, hər bir təşkilatın siyasi məqsədi var. Milli Şuranın unikallığı onda idi ki, müxtəlif siyasi yönlü qurumları bir araya gətirdi. Bu mənada Milli Şura böyük orqanizmdir. Bu baxımdan mübahisələr, fikir ayrılıqları, məqsədli siyasi fəaliyyət hər zaman olacaq. Milli Şuranın böyüklüyü onda olardı ki, siyasi təşkilatların fərqli siyasi məqsədlərini bir istiqamətə yönəltsin. Əgər Milli Şuranın seçəcəyi hədəf bütün qüvvələrin siyasi maraq dairəsindədirsə, bu zaman həmin qüvvələr məqsədə çatmaq üçün özlərinin ambissiyalarını kənara qoya biləcəklər. Yox əgər, heç bir ideologiyaya və siyasi məqsədə söykənəcək birlik yaranmayacaqsa, bunun uzun müddətli olması mümkün deyil. Əksinə, bu halda daxildəki siyasi qüvvələrin ambissiyaları zaman-zaman qabaracaq. Əlbəttə ki, biz bunu arzu eləməzdik. - Seçkilərə qədər əsas məqsəd seçki prosesində iştirak, qələbə çalmaq idi. Bəs seçkidən sonra Milli Şuranın əsas hədəfi nədir? - Seçkidən sonra hədəf birdir: avtoritarizmdən demokratiyaya yumşaq keçidi təmin etmək. Biz inqilab istəmirik. İstəyirik ki, ölkəni avtoritarizmdən demkratiyaya yönəldə bilək. Bu mənada ümumi məqsəd birdir. Amma bununla yanaşı hədəf və bəlli istiqamətlərin olması ilkin şərtlərdəndir. Məncə, yaxın istiqamət bələdiyyə və parlament seçkiləri ola bilər. Bu hədəfləri götürüb ona doğru getmək olar. Ümumilikdə götürəndə avtoritar rejimə qarşı demokratik müxalifətin birliyi ona görə yaranmalıdır ki, bu davamlı olsun. Zaman-zaman rejim onun əleyhinə olanları, demokratik qüvvələrin içindəki insanları çaşdırmaq, təzyiq etmək, ələ almaq, satın almaq və digər yollarla hərəkatı zəiflətməyə çalışıb və buna nail olub. Ona görə də, bu birlik ona hədəflənib ki, demokratiya üçün çalışan insanları bir araya gətirə və onların məqsədini həyata keçirə bilsin. - Qiymət artımı baş verdi. Azərbaycanda evləri uçururlar, qiymətləri qaldırırlar, lazım gələndə insanın boynuna eləmədiyi cinayəti qoyurlar, ziyalıdan narkoman düzəldirlər. Amma sanki xalq bütün bunları normal sayır və etirazını çıxarmır. Sizcə, niyə? - Mən ölkənin inkişafını ayrı-ayrı momentlərdə və ya təsadüfi hadisələrdə görmürəm. Ölkədə total avtoritarizm hökm sürür. Son 20 ildə insanlara basqılar olub. Nəticədə insanların bir hissəsi qorxudulub, bir hissəsi siyasətdən çəkilib, bir hissəsi isə sıradan çıxarılıb. Hər bir ölkədə on milyonlarla insan siyasətə qarışmır. Əksinə, müəyyən qədər fəal kütlə olur və onun da hesabına ölkədə dəyişikliklər baş verir. Azərbaycanda meydanda olmalı, etiraz etməli olan kütlə artıq o insanlardır ki, dolanışıq tapa bilməyib xaricə üz tutublar. Bu hakimiyyət insanları çörəklə imtahana çəkib. İki milyona yaxın fəal insan Rusiya çöllərindədir. Bir xeyli insan Türkiyədədir. Çoxlu fəal insanlarımız isə Avropaya mühacirət edib. Azərbaycanın öndə olan, demokratik proseslərdə iştirak edən şəxslərinin çoxu indi Avropadadır. Qiymət artımına etiraz edəcək narazı kəsimin xeyli hissəsi indi xaricdədir. Ölkədə qalan hissə isə sanki öz həyatı ilə razılaşıb və siyasi səhnədə iştirak etmək istəmir. Bu mənada bir sıra partiyalar və qurumların ölkədə baş verməli olan dəyişikliklər uğrund çalışması böyük fədəkarlıqdır. İndi buna görə insanları həbs edirlər. Birinin evinə silah, digərinin mənzilinə narkotik qoyurlar. İndi Azərbaycanda narazı kəsimin qalması çox yaxşı haldır. Bu deməyə əsas verir ki, müəyyən işlər görmək mümkündür. Hakimiyyətin apardığı siyasət isə ölkəni birmənalı sosial partlayışa aparır. Ölkədə işsizlərin sayı çoxalır, neft gəlirlərindən müəyyən bir təbəqə faydalanır, ölkə büdcəsinin neft fondu hesabına maliyyələşir. Artıq neftin hasilatının aşağı düşməsi bir sıra layihələri təxirə salır. Bütün bunlar insanları narazı salır və gələcəkdə ola bilsin ki, onları fəallaşdıracaq. Bu əlbəttə ki, sosial partlayışa səbəb ola bilər. - Ukraynada baş verənlərin Azərbaycana təsiri ola bilərmi? - Kənara baxıb öyrənməklə usta olmaq mümkün deyil. Bu mənada düşünürəm ki, ukranalıların öz hüququ uğrunda mübarizəyə qalxması bu xalqın qəhramanlığıdır və təqdir olunmalıdır. Amma düşünmək ki, ukraynalılar nəyəsə nail olacaq və sonra da, azərbaycanlılar bunu təkirar edəcək-bu xəyaldır. Bu potensial ölkənin içində olmalıdır. Sadəcə olaraq Kiyevdə baş verənlər siyasi baxımdan fəal olan insanları ruhlandıra bilər. Bizim xalqın 80 faizi prezidenti seçkilərə gəlməyib. Biz bu faizi oyadıb siyasi proseslərə qatmalıyıq. Ukraynada isə əhalinin çox dəyişiklik istəyir və bu prosesdə iştirak edirlər. Bu mənada Milli Şuranın əsas işi siyasətdə aktiv olmayan bu passiv kütləni siyasətə gətirməkdir. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?