“İsveçrə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün bütün səylərimi göstərəcəyəm”.
Bunu İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli bildirib.
Onun sözlərinə görə, ölkəmizə gəldikdən sonra İsveçrəyə böyük marağın olduğunu görüb:
“İsveçrə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələri daha da dərinləşdirməyi hədəfləyirəm. Bura həm İsveçrənin davamlı sülhün axtarışına və bərqərar olmasına töhfə verə biləcəyi siyasi məsələlər, həm də İsveçrə şirkətlərinin iqtisadiyyatın şaxələndirilməsi və ya dayanıqlı inkişafı təşviq etmək imkanında olduğu iqtisadi məsələlər daxildir. Üstəlik, İsveçrənin təklif etdiyi layihələrə həmişə böyük diqqət yetirildiyi mədəniyyət sahəsini də unutmaq olmaz”.
Səfir qarşıdan gələn 2024-cü ilin müasir Azərbaycan tarixi üçün əhəmiyyətini də vurğulayıb:
“2024-cü ili səbirsizliklə gözləyirəm. Biz tarixi bir məqamın - Azərbaycanla Ermənistan arasında qlobal təsirə malik olacaq sülhün bərqərar olmasının ərəfəsindəyik. Bu tarixi dəyişikliyin şahidi ola biləcəyimdən qürur duyuram. Azərbaycan həmçinin 2024-cü ildə dünyanın ən böyük beynəlxalq konfransı olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək və bu, beynəlxalq ictimaiyyətinin diqqətini ölkəyə cəlb edəcək”.
Xatırladaq ki, oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəlinin etimadnaməsini qəbul edib../report.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?