“Azərbaycanda quduzluq xəstəliyinə yoluxanların sayında əvvəlki ilə nisbətən artması müşahidə olunub”. Bu barədə azvision.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bayratlıq Xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bunun əsas səbəblərindən biri erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə meşələrin, əkin yerlərinin yandırılıb talan edilməsi nəticəsində vəhşi heyvanların, gəmiricilərin sərhədyanı və digər rayonların ərazilərinə miqrasiya edərək populyasiyalarının artmasıdır: “Quduzluq xəstəliyinin artmasına təbii fəlakətlərin təsiri də qaçılmazdır. Bu amilin təsiri nəticəsində xəstəliyin törədicisini yayan heyvanların (canavar, tülkü, çaqqal və s.) yerdəyişməsi, onların sayının durmadan çoxalması baş verir. Bu da bir sıra rayonlarda kənd təsərrüfatı heyvanlarını, hətta, insanları vəhşi heyvanların hücumuna məruz qoyur. Bu artım təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunur. Düzdür, indi ölkədə quduzluğa görə narahatçılığımız olsa da bu xəstəliyi nəzarətdə saxlamaq üçün Dövlət Xidməti epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq hər il sahibli heyvanlar arasında vaksinasiya tədbirlərini həyata keçirir”.
Qeyd edilib ki, başa vurduğumuz il ərzində 247 877 baş sahibli həyət itində peyvəndləmə tədbiri aparılıb və quduzluq xəstəliyini aşkar etmək üçün 46 nümunədə laboratoriya müayinəsi aparılıb. Onlardan 31-i müsbət, 7-i mənfi, 8-i isə yararsız olub. Şübhəsiz ki, müsbət olan, yəni xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilib. Bundan başqa Xidmətdən onu da qeyd ediblər ki, əgər hər hansı ərazidə heyvanlar arasında xəstəlik müşahidə edilərsə, ona qarşı lazımı tədbirlər aparılır. Yəni ölkədə kifayət qədər ehtiyat vaksini və dezinfeksiyaedici maddələr vardır.
Bildirilib ki, hazırda ölkədə quduzluqla əlaqədar aparılan tədbir yalnız sahibli həyət itlərini əhatə edir. Ölkədə heyvanlar arasında müşahidə olunan xəstəliyin demək olar ki, əksəriyyəti isə birbaşa vəhşi heyvanların vasitəsilə yayılır. Odur ki, Dövlət Xidməti vəhşi heyvanlar arasında da vaksinasiya tədbirinin aparılmasını vacib sayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?