“Deputat oğlu bizdən qeyri-qanuni olaraq 100 manat tələb edir”.
Bu sözlər Mirəli Qaşqay 94 və Sabit Rəhman 53 ünvanında yaşayan sakinlərdən “Axar.az”a daxil olan şikayət məktubunda yer alıb.
Sakinlər hər iki ünvanın bir məhəlləni əhatə etdiyini və binaların birinci mərtəbəsində “Mələk” uşaq əyləncə mərkəzinin yerləşdiyini bildirirlər və bu əyləncə mərkəzinin həyətində uşaq oyun aksesuarları quraşdırılması üçün MTK-nın bina sakinlərindən pul yığdığını deyirlər. Sakinlər hər iki binanın və bağçanın Aqrar-Tikinti ASC-nin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus MTK-ya aid olduğunu yazırlar: “Bağça rəhbərliyi bizdən hər iki binanın orta hissəsində bu müəssisəyə məxsus uşaq avadanlıqlarının quraşdırılması üçün pul tələb edir. Binada yaşayan ailələrin hər birindən 100 manat istənilir. Bizi Mənzil Tikinti Kooperativinin komendantı da sıxışdırır. MTK sədri bizə deyir ki, əgər 100 manat verilməsə, arayış da almayacağıq. Arayışın verilməsi də bizdə pulladır. Hər arayış üçün 10 manat pul alınır. İndi isə 100 manatı ödəməyən arayış almaqdan məhrum edilib”.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvi Ağalar Vəliyevlə əlaqə saxladıq. Binaların və bağçanın onun oğlu Pərviz Vəliyevə məxsus olub-olmaması və sakinlərin şikayəti haqqında soruşsaq da, Ağalar Vəliyevin cavabı çox qısa oldu. Millət vəkili “yox-yox” deyib, dərhal telefonu bağladı.
Həmin ərazinin MTK sədri isə ümumiyyətlə bizə cavab vermədi. Telefonu cavablandıran mühafizəçi binanın həyətində uşaq bağçasına məxsus avadanlıqların quraşdırılmasını təsdiqləsə də, geniş açıqlama verməyə səlahiyyəti olmadığını bildirdi.
“Mələk” uşaq bağçasının müdiri Lalə xanım müəssisənin də aid olduğu binaların millət vəkili Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus olmasını təsdiq etməsə də, təkzib də etmədi. Məlumatı hansı məqsədlə dəqiqləşdirmək istədiyimizi bilmədiyi üçün məsələ barədə heç bir açıqlama verməyəcəyini dedi.
Qeyd edək ki, sakinlər bu özbaşnalığa son qoyulmasa, kütləvi halda Prezident Administrasiyasına şikayətə gedəcəklərini də bildiriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?