1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsi jurnalist Samir Kazımlının Milli Məclisə qarşı iddiasını rədd edib. Məhkəmə Milli Məclisin “İnformasiya əldə edilməsi haqqında” Qanunla açıq sayılan bilgiləri jurnalistə verməməsinə haqq qazandıran qərar çıxarıb. Bu haqda jurnalistlərin hüquqlarını qoruyan Media Hüququ İnstitutu xəbər verir.
Tanınmış jurnalist Samir Kazımlı 2012-ci ilin dekabrında Milli Məclisə sorğu göndərib. Jurnalist qanunla açıq sayılan bilgilərin - Milli Məclisin komitə sədrlərinə yeni avtomobillərin alınması ilə bağlı (avtomobil alqısı üçün keçirilməli olan tender haqqında, tenderdə iştirak edən qurumlar haqında, avtomobillərin alqısı üçün xərclənmiş vəsaitlərin məbləği və s. bilgilər) informasiyaların ona təqdim olunmasını xahiş edib. Milli Məclis sorğuya ümumiyyətlə cavab verməyib. Samir Kazımlı məhkəməyə müraciət edərək Milli Məclisin üzərinə informasiya sorğusunu cavablandırmaq vəzifəsi qoyan qərar çıxarmağı xahiş etmişdi.
İnformasiya əldə etmək hüququnun pozuntusundan verilən şikayətə 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılıb. Cavabdeh Milli Məclisin nümayəndələri məhkəmədə iştirak etməyib, sorğuya niyə cavab vermədikləri barədə bilgi verməyiblər. Buna baxmayaraq məhkəmə Milli Məclisin xeyrinə qərar çıxarıb. Media Hüququ İnstitutunun S. Kazımlının hüquqlarını müdafiə edən vəkilləri məhkəmənin qərarının qanunsuz olduğunu, həmin qərardan apellyasiya şikayəti veriləcəyini bildiriblər.
İctimai vəsaitlərin xərclənmə durumu ilə bağlı bilgilərin əldə edilməsinə dair jurnalist araşdırmaları Media Hüququ İnstitutunun (MHİ) “Məhkəmə çəkişmələriylə şəffaflığın inkişaf etdirilməsi” təşəbbüsü çərçivəsində aparılır. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, belə bilgilər açıq bilgi sayılır. Jurnalist araşdırmalarının məqsədi belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaqdır.
Sorğu
Yeni dizaynımız necədir?