Baş Prokurorluq bu gün yanvarın 30-da Bakıda gənc qadının özünü yandırmaqla intihara cəhd etməsi faktı ilə bağlı açıqlama yayıb.
“Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı yanvarın 30-da saat 10:30 radələrində Səbayel rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib.
Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi qiymətləndirilir. İlkin araşdırmalarla müəyyən edilib ki, M.Bayramlı 1990-cı il təvəllüdlü, Lənkəran şəhərində anadan olmuş, 29 oktyabr, 2012-ci il tarixdən 5 oktyabr, 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar. Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.
M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə mavafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah olunub. Eyni zamanda M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.
Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd etmişdir. Həmin fakt üzrə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?