Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov internetlə bağlı sərəncam verib. Sərəncama əsasən, Naxçıvan şəhərində internetə genişzolaqlı qoşulma, İP TV və telefon xidmətlərinin genişləndirilməsi təmin edilməlidir. Sərəncamda həmçinin simsiz internet şəbəkəsinin ən müasir texnologiyalar əsasında inkişaf etdirilməsi nəzərdə tutulur.
Bir müddət öncə Naxçıvanda bunun əksinə internetə qoyulan qadağalarla bağlı mətbuatda məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, muxtar respublikadakı internet klublar bağlanır, bəzi saytlara giriş məhdudlaşdırılır.
Naxçıvan sakinləri bildirirlər ki, internetə qoyulan qadağalar hazırda da var. Onlar deyirlər ki, bağlanan obyektlər sonradan açılsa da, bu klublar məhdud saatlarda fəaliyyət göstərə bilir. İnternet istifadəçisi olan Naxçıvan şəhər sakini Qurban Həsənəliyev qeyd edib ki, bəzi saytlara girişdə maneələr davam edir: «Nə olsun ki, sərəncam verilib? Birinci inanmırıq ki, bu sərəncam tamamilə yerinə yetiriləcək. Öz iş yerlərini, evlərini keyfiyyətli internetlə təmin edəcəklər, sadə camaat isə qalacaq. İnternet qoşdurmağa görə aylarla, illərlə müraciət edənlər var. Heç birinə maraq göstərilmir. Naxçıvanı bilərəkdən informasiya blokadasına salıblar, insanlar doğru məlumatı internetdən almağa çalışırlar. Heç buna imkan verərlər? Onsuz da müxalif fikirli saytlara internet klublarda məhdudiyyət tətbiq edirlər. Bu cür saytları açmaq olmur. Klublarda kameralar yerləşdirilib, izləyirlər. Kim bu cür saytlara tez-tez girməyə cəhd edirsə, çağırıb hədələyirlər».
Naxçıvan Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə Vasif Talıbovun internetlə bağlı sərəncamını vaxtında yerinə yetirəcəklərini bildiriblər. Ancaq nazirlikdən Naxçıvan sakinlərinin qadağalarla bağlı iddialarına cavab vermək istəməyiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?