Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kafelərdə yoxlamalara başlayıb.
Komitədən verilən məlumatda deyilir ki, ilkin olaraq Binəqədi rayonu, Atatürk prospekti, 64-də yerləşən “Kaspi” kafesində yoxlama aparılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, hər gün onlarla vətəndaşın gəldiyi kafedə natəmizlikdir, zibil yeşikləri açıq şəkildə mətbəxdə saxlanılır.
Bundan əlavə, bu kafedə yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur. İstifadə olunan ətin, toyuğun, hind toyuğunun, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsullarının və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Kafenin mətbəxində çalışan aşpaz isə geyimlə təmin olunmayıb.
Xəbərdə deyilir ki, mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək yoxlanılması üçün laboratoriyaya təqdim edilib. Komitə kafedə olan mənşəyi bəlli olmayan hər biri 3 kq olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatığın satışını qadağan edib. Bundan başqa, müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışı qadağan olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?