Gəncədəki Xəzər-Lada avtomobil servis xidmətində 10 günə yaxındır işçilər xidmət göstərə bilmirlər. Dediklərinə görə, müdriyyət enerjini kəsib. 10 ildir ki, sexdə dəmirçi işləyən Sahib Əsgəroğlu deyir ki, Xəzər-Lada MMC-nin Gəncə filialının müdiri icarə haqqını artırıb:
Gəncədəki Xəzər-Lada avtomobil servis xidməti Gəncədəki Xəzər-Lada avtomobil servis xidməti “Müdir İmam müəllim, şəraiti olmayan yerə hər kvadrat metrinə görə 3 manatdan icarə hesablayır. O tarifi haradan alıb bilinmir? Nəyə görə mən 130 manat verməliyəm. Gəlsin şəraitə baxsın, sonra desin. Kimdir ki özbaşına tarif qoyur. Oğlum 2-ci qrup əlildir. Onun pensiyası heç öz dərmanını görmür. Mən işləyib ona baxmalıyam. İşığı qəsdlə keçiriblər. Hər yerə yazıb axıra qədər gedəcəyik”.
EYNİ İLDƏ, EYNİ AYDA 2 MÜQAVİLƏ
Servis xidmətində ayrı-ayrı kabinələrdə 40-a yaxın sex fəaliyyət göstərir. Kimi dəmirçi, kimi çilingər, kimi elektrik, kimisi rəngsaz xidmətini yerinə yetirir. Servis xidmətinin işçiləri danışırlar ki, bu ilin yanvar ayı ərzində onlarla 2 müqavilə bağlanıb. İkinci müqavilədə icarə haqqı daha yüksək göstərilib və işçiləri narazı salıb. İcarəni verməyən işçilərə cavab olaraq enerji kəsilib.
“Biz bu sexləri müqavilə ilə götürüb işlədirik. Onsuz da şərait yaxşı deyil. Təzədən müqaviləni dəyişirlər, tələbi artırırlar. Mən dəmirçiyəm. Məcbur edirlər ki, təzə müqavilə bağlayaq. Orda yazılır 50 manat, alırdılar 120-150. İndi iş dayanıb, bu qədər işçi qalıb ortalıqda. İşığı kəsiblər. Yoxdur işıq. Yaxın gəlib bir söz deyən yoxdur. 40-a yaxın işçidir, hamısının övladı var. Qazancımız burdandır”.
İşçilərin dediyi kimi MMC-nin enerji sayğacından əlavə hər sexin qarşısında hesablayıcı mexaniki sayğaclar da var. Sənətkarlar giley edirlər ki, indiyədək hər 2 sayğaca pul ödəyiblər. Bundan başqa icarəni də vaxtında ödəyiblər, vergiləri də.
Maarif Quliyev: “Mənə məxsus olan yeri bağlayır, kürəkəninə vermək istəyir. Mən həm çilingərəm, həm də yeməkxana işlədirəm. Vergi ödəyirəm. Deyir bağla buranı. Mən bağlamıram, polisə verir. 6 gündür işığı keçiriblər. Nə gəlib karta pul vurrurlar ki, işləyək, nə də hesabı, borcu göstərirlər ki, aparaq ödəyək. Sexdə yanvarın 26-dan iş dayanıb”.
“GƏRƏK İCARƏ PULU VERƏLƏR Kİ...”
Xəzər-Lada MMC-nin Gəncə filialının rəhbəri İmam Məmmədov da məsələyə münasibət bildirdi. Enerjinin kəsildiyini etiraf edən müəssisə rəisi deyir ki, indiyədək 80 kvadrat metrlik yerdə fəaliyyət göstərən işçilər cəmi 20 kvadrat metrlik yer üçün müqavilə bağlayıblar:
“Müqavilədə göstərilir ki, 20 kvadratdır, icarəsi də 50 manat. Amma zəbt etdiyi yer 80 kvadratdır. Ona görə mən də icarəni artırıram. Gərək icarə pulu verələr ki, mən də işığa, qaza pul yükləyəm. Bundan başqa Xəzər Ladanın baş ofisi sexlərin dam örtüyünün təmiri üçün 6 il əvvəl 26 min pul ödəyib bizə ki, icarələrdən toplayıb geri qaytaraq. Amma icarəni az verirlər və biz heç nə ödəyə bilməmişik”.
O ki, qaldı müəssisədəki yeməkxananın bağlanması məsələsinə İmam Məmmədov deyir ki, yeməkxana bərbad şəraitdədir və təmirə dayanmalıdır. İcarəçi isə məkanı təhvil vermək istəmir.
Bir ay ərzində 2 müqavilənin bağlanmasına gəldikdə İmam Məmmədov sual edir: Harada yazılıb ki, mən müqaviləni yeniləyə bilmərəm?
“MÜQAVİLƏ PRİNSİPİ KOBUD ŞƏKİLDƏ POZULUB”
Müəssisə rəhbərinin bu sualına hüquqşünas Sahib Məmmədovdan cavab istədik. O bildirdi ki, mülkü məcəlləyə görə, başa çatmayan müqaviləyə hər iki tərəfin razılığı ilə ancaq əlavələr edilə bilər:
“Mülkü məcəllədə göstərilir ki, hansı halda müqavilə bağlana və ya pozula bilər. Tərəflərin razılığı olarsa əlavələr ola bilər. Bir tərəfli təzyiq ilə yenidən müqavilə tələb olunur. Müqavilə prinsipi kobud şəkildə pozulub”.
Hüquqşünas əlavə edir ki, müəssisədə işçilərdən müqavilədə göstəriləndən əlavə alınan vəsaitlər təxminən 72 min manat civarındadır. Bu səbəbdən Gəncə şəhər Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və digər instansiyalara araşdırma üçün müraciət ediləcək.
Hələlik 40 nəfərdən çox işçinin çörək qazandığı müəssisədə nə enerji var, nə də xidmət.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?