Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov ANS PRESS-ə açıqlamasında G.Əhmədovanın səhhətinin pisləşdiyini deyib: “Ayaqları tutulur. Əsasən də sol ayağı tutub. Baş ağrıları var. Müalicə olunur. Həkimlər ona baş çəkirlər.”
Ə. Talıbov əlavə edib ki, G.Əhmədovanın apellyasiya şikayəti əsasında keçirilən məhkəmə iclasının qərarından kassasiya şikayətini bu gün Ali Məhkəməyə təqdim etdiklərini söyləyib:
“Biz məhkəmə qarşısında 17 vəsatət qaldırmışdıq, amma məhkəmə onların heç birini təmin etmədi. Ona görə də biz apellyasiyanın qərarından şikayət etdik”.
Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Sorğu
Yeni dizaynımız necədir?