Ötən ay Yeni Azərbaycan Partiyası (YAP) 2013-cü ilə dair illik maliyyə hesabatını verdi. Hakim partiyadan verilən açıqlamaya görə, partiyanın 2013-cü ildə gəlirləri 7 milyon 16 min 790 manat olub. Azərbaycanda fəaliyyət göstərən digər partiyalar da maliyyə hesabatı verəcəklərmi?
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil Modern.az-a təmsil etdiyi partiyanın 2013-cü ildə heç bir maliyyə əməliyyatı keçirmədiyini deyib: “Bu partiyaların nəyi var ki, hesabatları da olsun? Partiyalara nə dövlət, nə də ayrı-ayrı şəxslər yardım etmir. Üzvlərimizi o qədər sıxışdırırlar ki, üzvlük haqqı da verə bilmirlər. Amma, hər halda hesabat veriləcək”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyanın hesabat verməyəcəyini deyib: “Biz nəyin hesabatını verək? Nə maliyyəmiz var ki? İqtidar tərəfindən maliyyələşmirik, ianə toplamırıq, partiyanın rəhbər orqanları ictimai əsaslarla fəaliyyət göstərir. Biz gərək maliyyə xərcləyək ki, sonra onun hesabatını verək. Heç yerdən maliyyə almırıqsa, hesabatı necə verə bilərik? Seçkidə xeyli sayda beynəlxalq təşkilata müraciət etdik, bizə bir qəpik maliyyə ayrılmadı”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, partiya könüllülük əsasında fəaliyyət göstərir: “Biz nə dövlət tərəfindən maliyyələşmirik, nə də ianə toplamırıq, könüllülük prinsipi əsasında fəaliyyət göstəririk. Ona görə də heç bir maliyyə əməliyyatı həyata keçrilməyib”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin sözlərinə görə, partiya maliyyə hesabatını verəcək: “Hazırda hesabat hazırlanır. Yəqin ki, 10 gün ərzində ictimaiyyətə açıqlanacaq”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də hesabat verməyəcəyini bildirib: “Bizə heç bir maliyyə ayrılmır ki, hesabat verək. Partiyamız ianələr hesabına dolanır. Beynəlxalq təşkilatlarla işləyən partiyalar hesabat verməlidirlər”.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə təmsil etdiyi partiyada belə bir mexanizmin olmadığını qeyd edib: “Bizim partiyada illik hesabat olmur. Partiyada 3 aydan bir plenum keçirilir, iclasda bu hesabat da əksini tapır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?