Əsasını tapmayan faktlar, çirkin niyyətli qara qüvvələrin “ağ yalanlar”ı faş oldu.
Qəzetimizin 29 yanvar 2014-cü il tarixli sayında “Şamaxıda şəhid ailələri özlərini yandırdımağa hazırlaşır” sərlövhəli məqalə dərc olunmuşdu. Yazıda rayonun ziyalıları, ağsaqqalları, gəncləri və şəhid ailələrinin prezident İlham Əliyevə müraciəti öz əksini tapmışdır. Müraciətdəki Şamaxı şəhərindəki Şəhidlər Xiyabanının xeyli müddətdir ki, bağlanmasına baxmayaraq, ərazidə heç bir iş aparılmadığı vurğulanır, rayon ictimaiyyətinin narahatlığı göstərilmişdir. Müraciətdə həmçinin xiyabanın ərazisinin guya “Gilan Holdinq”ə satıldığı və burada otel və istirahət parkının tikiləcəyi qeyd olunmuşdur. Faktın ciddiliyini və həssas məqamlara toxunduğunu, həmçinin, azad sözün və mətbuatın qanunlarını əsas tutaraq jurnalist araşdırması apardıq və tərəflərin mövqeyini bir daha öyrəndik. Şamaxı şəhərinin giriş hissəsində yerləşən Şəhidlər Xiyabanı həqiqətən də hasarlanaraq, təmir üçün bağlanmışdı. Təmir işləri ilə bağlı məlumat almaq üçün rayon İcra Hakimiyyəti yetkililəri ilə əlaqə saxladıq. Bizə verilən məlumatda bildirilirdi ki, 2011-ci ilin mart-aprel aylarında rayon ərazisində yağan intensiv yağışlar nəticəsində rayonun bir çox ərazilərində, o cümlədən, Şəhidlər Xiyabanı yerləşən ərazidə torpaq sürüşməsi baş vermişdir. Bu barədə rayon rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Həmin nazirliklərin mütəxəssisləri xiyabana baxış keçirərək, müvafiq qaydada akt tərtib edərək sənədlər hazırlamışlar. Xiyabanda yaranmış vəziyyətlə əlaqədar şəhid ailələri İcra Hakimiyyətinə dəvət olunmuş və onlarla görüləcək təmir işləri ilə bağlı məsləhətləşmələr aparılmışdır. İlkin olaraq xiyabanın yuxarı hissəsində drenaj edilərək qrunt sularının ərazidən kənara ötürülməsi işləri görüləcək, sonra isə əsaslı təmir və yenidənqurma işləri aparılacaqdır. Hal hazırda havaların kəskin şaxtalı və yağmurlu keçməsi ilə əlaqədar təmir işləri dayandırılmışdır. Qısa vaxt ərzində Şəhidlər Xiyabanı şəhidlərimizin adına layiq şəkildə təmir olunacaqdır. Şəhidlər Xiyabanının yerləşdiyi ərazinin guya satılması faktına gəlincə bizə bildirdilər ki, kimliyindən asılı olmayaraq, heç kim vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsini təhqir edə bilməz. Heç bir halda şəhid məzarlarının köçürülməsi və ərazinin satılması müzakirə mövzusu olmamış və ola da bilməz. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yeridir və onu qorumaq hər bir vətəndaşın borcudur. Rayonda yaşayan bütün şəhid ailələri, müharibə veteranları həmişə İcra Hakimiyyətinin diqqət mərkəzindədir və lazımi qayğı ilə əhatə olunmuşlar. Mütəmadi olaraq onlarla görüşlər keçirilir və problemləri həll olunur. Apardığımız jurnalist araşdırması nəticəsində ölkə başçısına ünvanlanmış müraciətdə göstərilən faktların heç də reallığı əks etdirmədiyinin şahidi olduq. Görünür, kimlərsə heç bir əsası olmayan faktlara əsaslanaraq, belə həssas məqamlara toxunmaqla Şamaxıda ictimai-siyasi vəziyyəti gərginləşdirməkdə maraqlıdırlar. Şamaxı Azərbaycanın ən qədim mədəniyyət və dövlətçilik mərkəzidir. Bu qədim diyar həmişə öz qəhrəmanları ilə tanınmış və fəxr etmişdir. Bir də inanırıq ki, qısa müddət ərzində canını Vətən yolunda qurban vermiş Şamaxı şəhidlərinin uyuduğu xiyaban yüksək səviyyədə təmir olunaraq yenidən şamaxılıların müqəddəs ziyarətgahına çevriləcəkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?