Ötən ilin 22 oktyabrında ölkə başçısı İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətin yaradılması haqqında sərəncam imzalamaışdı. Həmin sərəncama əsasən Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilərək onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılmışdır. Sərəncama əsasən ləğv olunmuş təşkilatların əmlakı Qapalı Səhmdar Cəmiyyətə verilmiş, Rauf Vəliyev isə onun rəhbəri təyin olunmuşdu. Rauf Vəliyev bu təyinatına qədər isə ARDNŞ-nın Nəqliyyat İdarəsinin rəisi vəzifəsini icra etmişdi. Gözləmək olardı ki, kifayət qədər korrupsiyalaşmış və tez-tez ölkə gündəminin əsas mövzusuna çevrilən iki qurumun ləğv olunmasından sonra bu sahədə vəziyyət dəyişəcəkdir. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli 18 saylı qərarı ilə nizamnaməsi və strukturu tədqiq edilən və 383420621 manat nizamnamə kapitalına malik olan AXDG QSC isə fəaliyyətinin ilk mərhələsində heç də sələflərindən geridə qalmayacaqlarını göstərdi. Yeni yaradılmış QSC-nin strukturunun formalaşması dövründə təbii ki, əvvəlki rəhbərliyin “kadrları” da unudulmadı və vəzifələri ilə vidalaşmalı oldular. İlk dövrlərdə ləğv edilmiş qurumların mərkəzləşdirilməsi prosesində ciddi ixtisarların olmayacağı bildirilsə də, sonrakı proseslər bunun əksini göstərdi. Əldə etdiyimiz məlumatlara görə, AXDG QSC-nin nəzarətdə olan qəmiqayırma zavodlarında kütləvi ixtisarlara start verilmişdir. Aparılan ixtisarlar nəticəsində iş yerlərini itirənlər içərisində illərlə bu sahədə çalışmış təcrübəli mütəxəssislər də vardır. Eyni zamanda zavodlarda işləyən işçilərin əmək haqqları kəskin şəkildə azaldılmışdır. Ölkədə gedən sürətli bahalaşmanın fonunda onsuz da az əmək haqqı alan işçilərə indi demək olar ki, qəpik-quruşa işləməyə məcbur edilirlər. Zavod fəhlələrindən aldığımız məlumatlara görə bu barədə rəhbərliyə etiraz olunsa da, heç bir dəyişiklik olmamışdır. Fəhlələr son çıxış yolu kimi kütləvi etirazlara başlamağı və tətil etməyi planlaşdırırlar. Göründüyü kimi, yaranmasından az vaxt keçməsinə baxmayaraq, yeni QSC artıq öz “gəmilərini suya buraxmağı bacarıb”. QSC rəhbərliyinin fəaliyyəti nəticəsində minlərlə fəhlənin taleyi təhlükə altındadır. Onların yeganə dolanacaq yeri olan zavodlarda artıq işləmələri qeyri-mümkün vəziyyətə gətirilmişdir. Belə davam edərsə, zavodlarda iğtişaşların, tətillərin baş verəcəyi qaçılmazdır. Nicat Mahmudov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?