Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu barədə fərman verib
Azərbaycan Prezident İlham Əliyev "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 65-2-ci maddə əlavə edilir:
"Maddə 14-2. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti I. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış tədbirləri bu qanunla müəyyən edilmiş qaydada tətbiq edilir. II. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini müvafiq olaraq həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti ilə birgə həyata keçirirlər. III. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti bu qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər.".
Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Fərmanla müəyyən edilir ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 14-2-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?