Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 152 saylı binanın sakinləri şikayət ediblər ki, 13 ildir binada lift işləmir. Müxtəlif qurumlara yazdıqları saysız-hesabsız məktublara cavab da almırlar. Aldıqları cavablarda isə bildirilir ki, kooperativ binaların lift problemini dövlət idarələri həll etmir. Binanın 9-cu mərtəbəsində yaşayan Əhəd Salmanov: “72 yaşım var, təqaüdçü adamam, evdə əlil oğlum və gözü görməyən həyat yoldaşım var. 20 ildir zülmdəyik. Evi də sata bilmirik, gələn müştəri əvvəl binanın kommunal məsələləri ilə maraqlanır. Biləndə ki, binada lift 20 ildir işləmir, kanalizasiya xətləri bərbad vəziyyətdədir, dönüb çıxıb gedir. Hara da yazırıq, cavab gəlir ki, bina balansımızda deyil. Kooperativ binada yaşayanlar bu ölkənin vətəndaşları deyil məgər?”. Köhnə liftə xərclənən pullar... Binanın 7-ci mərtəbəsində yaşayan Azadə Quliyeva da şikayətçidir. Deyir, Lift İdarəsinə gedəndə onlardan yeni lift quraşdırmaq, yaxud köhnəsini təmir etmək üçün pul istəyirlər: “Dəfələrlə pul yığıb özümüz düzəltdirmişik, gah trosu qırılırdı, gah qapısı bağlanmırdı, bağlananda da açılması üçün usta çağırmalı olurduq. Axırda qonşular da pul yığmaqdan cana doydular, köhnə liftə nə qədər pul xərcləmək olar axı? Aşağı mərtəbələrdə yaşayanların vecinə deyil, çünki liftdən istifadə etmirlər. Yuxarı mərtəbələrdə yaşayanlar isə zülm çəkirlər. Mənim də evimdə əlil var, neçə illərdir küçə üzü görmür. Çünki onu aşağı-yuxarı daşımağa gücümüz çatmır”. Bakı Lift İdarəsindən bildiriblər ki, 5 ilə yaxındır Bakıda liftlərin təzələnməsi prosesi gedir. Hələlik dövlət balansında olan binalar liftləşdirilir. Sovet dönəmində kooperativlər tərəfindən inşa edilmiş binalarda liftlərin təzələnməsi isə növbəti mərhələdə həyata keçiriləcək. Bakı Lift İdarəsindən onu da bildirdilər ki, əksər hallarda lift xarab olanda, bina sakinləri özləri müdaxilə edirlər, ya da kənardan usta çağırırlar. Bu isə sonradan həmin liftlərin bərpasını mümkünsüz edir.
Sorğu
Yeni dizaynımız necədir?