Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
İclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. İclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib.
MTRŞ daha sonra telekanalın bağlanma səbəbini də açıqlayıb:
“AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının 11 dekabr 2013-cü il tarixdə regional (Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti bitib. “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri Şuraya təqdim etməmiş, Şura iclasına 1 gün qalmış xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim etmişdir. 11 dekabr 2013-cü il tarixdə Şura tərəfindən “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsinə baxılıb.
Xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə Şuranın qərarına əsasən televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb.
Aygün televiziyasının fəaliyyətinin araşdırılması məqsədilə Şura tərəfindən Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, və Maliyyə və texniki nəzarət şöbəsi əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiya 24-26 dekabr 2013-cü il tarixində Zaqatalada olmuş və televiziyanın fəaliyyəti ilə yerində tanış olmuş və araşdırma aparıblar. Aparılmış araşdırmalar zamanı televizyanın fəaliyyətində çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib.
Belə ki, Televiziya və radio yayımı haqqında qanunun müvafiq maddəsinin tələblərinə əsasən teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların (verilişlərin) tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalı olduğu halda, “AYGÜN” televiziyasında teleradio proqramlarının materialları saxlanılmamış, qeydiyyat jurnalı isə ümumiyyətlə mövcud olmamışdır. Yayımçı efirdə emblemsiz olaraq yayımlanıb.
Televiziyanın sənədləşdirmə işlərinin aparılmasında çoxsaylı qüsurlar mövcud olmuşdur. Televiziyanın yayım avadanlıqları teleradio yayımçıları üçün tətbiq olunan texniki istismar qaydalarına və Azərbaycan Respublikasının və beynəlxalq texniki standartlara uyğun gəlməmişdir. Belə ki, ötürücü qurğunun yerləşdiyi yer texniki norma və tələblərə cavab verməmiş və texniki personal və ətrafda yaşayan sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.
27 dekabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclasında “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının fəaliyyətinin araşdırılması məqsədilə yaradılmış komissiyanın arayışı nəzərə alınıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?