“Deyirlər, qanunda dəfn xərci deyilən yardım var. Getmişik rayonumuzdakı sosial müdafiə fonduna, bizi araya qoyub gülürlər ki, dəfn xərci nə olan şeydir? Neftçala sakini Vüqar Abdullayev deyir, anası Dilarə Abdullayeva 4 aydır vəfat edib. Bu müddət ərzində rayon sosial müdafiə fondundan dəfn xərcini ala bilməyiblər:
“Halbuki biz anamıza ölüm haqqında şəhadətnamə alanda rayon qeydiyyat idarəsindən qəbz veriblər ki, gedib rayon sosial müdafiə fondundan dəfn xərcini alaq".
DEYİR, SAĞLIĞINDA ALMAYIBSA, BATDI...
Vüqar Abdullayevin sözlərinə görə, təkcə dəfn xərcini yox, vəfat etmiş anasının sağlığına ala bilmədiyi təqaüdü də onlara vermirlər:
“Anam ölümündən 2 ay əvvəl təqaüdə çıxmışdı, hələ təqaüdünü kartına köçürməmişdilər. Sosial müdafiə fondu deyir, sağlığında almayıbsa, o pullar da batıb. Bizi get-gələ salırlar”.
Vüqar Abdullayev deyir, təqaüd anasına xəstəliyi ilə əlaqədar kəsilibmiş:
“Lazımi prosedurlardan keçəndən sonra sənədlərini rayon Sosial Müdafiə Fonduna təqdim etmişdi. Fonddan anama bildirdilər ki, ona təqaüd xətti açılıb. Sonra kartını bu gün-sabaha salıb gecikdirdilər. İndi də deyirlər, özü yoxdursa, təqaüd fondun büdcəsinə qayıdıb”.
Hüquqşünas Namizəd Səfərov:
“Pensiya kartı mərhuma sağlığında verilmişdi, ya yox, bunun məsələyə dəxli yoxdur. Təqaüd rəsmiləşmişdisə, rəsmiləşən gündən ölən tarixədək olan müddətin təqaüdü onun ailəsinə verilməlidir. Qanunvericilikdə sosial yardımın növlərindən biri olan dəfn xərci var. Birdəfəlik yardımdır və ailə üzvlərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütləq ödənilməlidir”.
Dövlət Sosial Müdafiə Fondunun Neftçala şöbəsindən isə bildirdilər ki, Dilarə Abdullayeva soyadlı vəfat etmiş şəxslə bağlı onlara müraciət olunmayıb. Fonddan məsələni araşdıracaqlarını vəd etdilər.
Sorğu
Yeni dizaynımız necədir?