Bu gün “Shacman” və “Howo” markalı iritonnajlı yük avtomobilinin bir qrup sürücüsü Qaradağ rayonunun Qobustan qəsəbəsində yol qırağına toplaşıb.
“Media forum” saytına sürücülərin verdiyi məlumata görə, onlar “Shacman” və “Howo” avtomobillərinin yük daşımasına qoyulan məhdudiyyətdən narazıdırlar. Bildiriblər ki, onların avtomobilləri 60 tona yaxın ağırlığı daşımaq gücünə malikdir. Avtomobilin öz çəkisi 17 tondur. 45 tona yaxın yük götürə bilir. Ancaq son günlər belə avtomobillərin sürücülərinə 15 tondan artıq yük daşımamaq barədə xəbərdarlıq edilib. Səbəb kimi bu göstərilib ki, avtomobillərin ağırlığından yollar korlanır.
Sürücülər bildiriblər ki, onlar “KAMAZ”larını satıb 80-85 min manata yeni yük maşınlarını alıblar ki, daha çox qazana bilsinlər. Bir çoxlarının bu avtomobilləri kreditə, borca aldığını deyən sürücülər vurğulayıblar ki, indi 15 tondan artıq yükə qoyulan qadağa onları çətin vəziyyətə salır, dolanışıqlarını pisləşdirir, avtomobillərə görə borclu qalmaq təhlükəsini yaradır.
Sürücülər deyirlər ki, məhdudiyyət qoyulacaqdısa, nə üçün bu avtomobillər onlara satılırdı, satılıbsa, niyə onların avtomobilinə gücü çatdığı yükü daşımağa imkan verilmir.
Sürücülərin və iri yük avtomobillərinin yol qırağında toplaşması diqqət cəlb edib. Polislər və digər dövlət qurumlarının nümayəndələri onlardan dağılışmağı tələb ediblər, şikayətlərini aidiyyəti qurumlara çatdırmağı məsləhət görüblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?