Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu gün AzNews.az-da “Polisə görə ağzını tikən şəxs xəstəxanaya düşdü” başlıqlı məlumatla münasibət bildirib.
Nazirlik sözçüsü bildirib ki, yazıda adı çəkilən şəxs tərəfindən polisin ünvanına səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Qənirə Dadaşova adlı şəxs 29.09.2013-cü il tarixdə 102 xidmətinə müraciət edərək, qardaşı Azad Loğmanov tərəfindən döyüldüyünü bildirib: “Bu müraciətdən sonra polislər həmin ünvana gedərək məsələ ilə maraqlanıblar. Məlum olub ki, evdə bacı-qardaş bir-birlərinə əl qaldırıblar və hər ikisində yüngül xəsarət var. Bununla əlaqədar adları çəkilən hər iki şəxs biri-biriləri tərəfindən döyülmələri, özlərinin və yaxınlarının ünvanlarına nalayiq ifadələrin səslənmələri ilə bağlı Şəki Şəhər-Raryon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Şöbənin təhqiqat qrupunda hər iki müraciət əsasında araşdırma aparılmış, müvafiq izahatlar alınmış, həm Azad Loğmanov, həm də Qənirə Dadaşova müayinədən keçmək üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Məhkəmə-tibbi ekspertizasının rəyində hər iki şəxsdə müşahidə olunan sıyrıq və qançırların sağlamlığa zərər vurmayan xəsarətlər olduğu müəyyən edilib. Məhz buna görə təhqiqat orqanı tərəfindən toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, əməllərində İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsinin tərkibi olduğundan hər iki şəxs məhz sözügedən maddəyə əsasən inzibati qaydada cəzalandırılıblar. Qəbul olunmuş qərarın surəti hər iki tərəfə göndərilib”.
Orxan Mansurzadə əlavə edib ki, şikayətçilər polisin qərarından narazı qaldıqları üçün Şəki Məhkəməsinə müraciət ediblər: “Məhkəmə polisin işdə heç bir qanun pozuntusuna yol vermədiyini müəyyənləşdirib və iddianı rədd edib. Məhkəmənin qərarından sonra da Azad Loğmanovun polisin əleyhinə fikirlər səsləndirməsi bir daha göstərir ki, bu adam şantajçıdır, törətdiyi əməllər də ictimai diqqət çəkmək, asayiş qoruyucularını nüfuzdan salmağa hesablanıb. Çünki onun polisdən narazı qalması üçün heç bir əsas yoxdur. Məlumat üçün deyim ki, bu ailədə belə münaqişələr tez-tez baş verir. Bu adamlar həmişə bir-birlərindən şikayətçi olublar. Qısası, A.Loğmanovun ağzını tikməsini polislə əlaqələndirmək düzgün deyil. Bu, polisə atılmış şərdir, böhtandır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?