Sabah Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Eks-nazirin vəkili Toğrul Babayev hafta.az-a verdiyi məlumatda sabahkı prosesdə qərarın elan olunacağını bildirib: “Ötən prosesdə dövlət ittihamçısının çıxışı oldu. Sabah da qərar oxunacaq, vəssalam. Müdafiə tərəfinə danışmağa imkan vermədilər”.
Toğrul Babayevin sözlərinə görə, məhkəmə prosesi eks-nazirin iştirakı olmadan aparılacaq: “Sabah ancaq vəkillərin iştirakı gözlənilir. Əli İnsanov narazıdır və 100% sabah məhkəməyə gəlməyəcək”.
Məlumat üçün deyək ki, fevralın 21-i keçirilən prosesin fasilədən sonrakı ikinci hissəsində Əli İnsanov məhkəmədə iştirakdan imtina etdi.
Keçmiş nazir imtinasını hüquqlarının kobud şəkildə pozulması ilə əsaslandırdı.
Onu da qeyd edək ki, ötən prosesdə prokuror çıxışında Əli İnsanovun 11 il azadlıqdan məhrum edilməsi barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxartdığı 20 aprel 2007-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını təklif etdi.
Əli İnsanovun vəkilləri isə onun barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?