Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca dünyanın bir sıra ölkələrində bu faciə qurbanları yad edilir, onların ruhuna dualar oxunur. Hadisəni törədən, buna rəvac verən şəxslər və dövlətlər isə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır, onların cəzalandırılması üçün tələblər irəli sürülür. İslam hümmətinin çoxluq təşkil etdiyi ölkələrdə isə bu faciəli tarix din xadimlərinin iştirakı ilə keçirilən mərasimlərlə anılır. Həmin mərasimlərdə şəhidlərin ruhuna taziyə verilir.
Əhalisinin sayına görə, dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada isə Xocalı soyqırımının 22-ci anım tarixi möhtəşəmliyi ilə əsl diqqətəlayiqdir. Azərbaycanın İndoneziyadakı səfirliyindən AzNews.az-a verilən məlumata görə, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə çıxış edən səfir Tamerlan Qarayev və 80 milyon üzvü olan, dünyanın ən böyük ictimai təşkilatı “Nahdlatul Ulama” müsəlman dini qurumunun sədri, professor Aqil Sirac bəyan ediblər ki, bu il fevralın 26-da İndoneziyanın 130 min məscidində “Qazi Qarabağ azanı” səsləndiriləcək. Bundan başqa Qarabağı işğal edən və Xocalı soyqırımını törədən ermənilər həmin məscidlərin imamlarının xütbələrində lənətlənəcək.
Xatırladaq ki, “Qazi Qarabağ azanı” Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı “Cümə” məscidlərində Hafiz Sədrzadə səsləndirmiş və lentə köçürülmüşdü. 20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəbhə bölgəsində səsləndirilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmişdi. 2013-cü ilin fevralın 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən “Cümşüd” məscidində keçirilən mitinqdə səsləndirilmişdi. Bu tədbir Xocalı soyqırımının ildönümü ərəfəsində Dövlət Komitəsinin təşəbbüsü, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyası çərçivəsində keçirilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?