Yeni sədr "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb
Azərbaycan Prezident İlham Əliyevin yeni sərəncamı ilə yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mir Tofiq oğlu Hüseynov əvvəllər "Bakıelektrikşəbəkə" ASC-də çalışıb.
ANS PRESS-in məlumatına görə, Zaur Mir Tofiq oğlu Hüseynov İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb. Onun 2006-cı ildən bu vəzifədə çalışdığı deyilir.
Qeyd edək ki, bu gün prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamqa bildirilir ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı cəmiyyətə keçib.
Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısna təqdim etməlidir.
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək həvalə edilib.
Sorğu
Yeni dizaynımız necədir?