Ölənlərdən Ceyhun Bayramov yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olub
Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir. Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramovun bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. Məlumata görə, C. Bayramov güləş üzrə Azərbaycan yığmasının üzvü olub, Azərbaycan çempionu adını qazanıb. Mücahidlər C. Bayramovun fotosunu da yayıblar. APA-nın Sumqayıt şəhərində yaşayan dindarlardan əldə etdiyi məlumata görə, ailəsi Ceyhuna bu gün üç mərasimi verib. Azərbaycanlı döyüşçülərə məxsus internet səhifələrinin yazdığına görə, həmin döyüşdə həlak olanlardan biri də azərbaycanlılardan ibarət dəstənin “Musab Abdurahim Abdulmacid” adlı komandiridir. Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb. Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?