Saxlanılan şəxs polis əməkdaşlarına müqavimət göstərib qaçmağa cəhd edib
Bakıda polis Masallı sakinindən 250 min manatlıq narkotik tapıb. "gundemxeber.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 31 yaşlı Rufiz Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.
R.Rüstəmov saxlanarkən polis əməkdaşlarına müqavimət göstərib qaçmağa cəhd etsə də, əməliyyatçılar onu yaxalayıblar. Saxlanılan şəxsin üstündən bir neçə bağlamada xüsusi olaraq qablaşdırılmış, ümumi çəkisi 2 kq 505 qr olan heroin aşkarlanaraq götürülüb. Əvvəllər də silsilə oğurluq və digər cinayətlər törətdiyi üçün 5 dəfə məhkum edilmiş R.Rüstəmov ifadəsində bildirib ki, azadlığa çıxdıqdan sonra xeyli müddət narkotik maddələrin satışı ilə məşğul olub. Sonuncu dəfə isə Masallı rayonundan əldə etdiyi külli miqdarda heroini satmaq məqsədilə Bakı şəhərinə gətirib. R.Rüstəmov heroini əvvəlcədən tapdığı müştəriyə satmaq üçün metronun Xətai stansiyası yaxınlığına gəlib. Lakin polis əməkdaşları onu ələ keçirdiyindən, istəyinə nail ola bilməyib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. Saxlanılan şəxsin ehtimal olunun digər cinayət əməllərinin olub olmadığı istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, bu əməliyyatla qanunsuz dövriyyədən çıxarılan heroinin qara bazarda qiyməti 250 min manatdan çoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?