“Əvvəla, mən özüm istəmirəm ki, onlar mənimlə əlaqə saxlasın. Onları görmək də istəmirəm. Qəzaya səbəb olan adamlar bizimlə heç əlaqə yaratmayıblar, nə gəliblər, nə də ki, telefonla zəng vurublar”. "Gudemxeber.az" xəbər verir ki, bunu Modern.az saytına açıqlmasında xalq artisti, tarzən Ağasəlim Abdullayev ailəsini qəzaya salıb öldürən keçmiş məmurun oğlunun barışıq istədiyi barədə xəbərlərə münasibət bildirərkən deyib. Xalq artisti yenicə əməliyyat olunan gəlininin səhhəti haqqında da məlumat verib. “Gəlinim xəstəxanadan çıxıb, evdədir. Birinci gün yenidən əməliyyat olunmuş çapıqları lazerlə təmizləyəcəklər. Mən özümü yaxşı hiss edirdim, amma qabırğamda ağrı hiss edəndən sonra həkimə müraciət etdim. Məlum oldu ki, qabırğamda çat var. O mənə əziyyət verir. Hazırda gips qoyublar. Həkimlər bildirdi ki, 10 günə sağalacaq”. Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sərxoş sürücü, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. Bəzi məlumatlara görə, Mübariz Mədətov oğlunun işi yüngülləşsin deyə, xalq artisti Ağasəlim Abdullayevlə barışmaq üçün yollar axtarır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?