Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş icraçısı Müqayis Verdiyevin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı M.Verdiyevin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində fiziki şəxslərdən 59 min manat dəyərində müxtəlif növ tikinti materiallarını, habelə Goranboy rayonu ərazisində aparılan tikinti-abadlıq işlərini həyata keçirən 27 nəfər usta və fəhlənin əmək haqlarının ödənilməsi üçün "Fəqan Xidmət Təşkilatı" MMC-dən nağd qaydada aldığı 21 min 138 manat məbləğində pulu mənimsəməsində və fiziki şəxs kimi 7 min 298 manat məbləğində vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq), 179.3.2 və 213.1-ci(vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sorğu
Yeni dizaynımız necədir?