Ötən gün redaksiyamızda olan Bakı şəhər sakini Mirzəli Ağalarov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev tərəfindən hüquqlarının pozulmasından şikayətləndi. Xatırladaq ki, 1994-cü ildə Qarabağ Assosiasiyasının sədri olan Mirzəli Ağalarov paralel olaraq sahibkarlıqla da məşğul olub. Sədri olduğu qurum vasitəsi ilə hər zaman qaçqın və məcburi köçkünlər, eləcə də şəhid və kimsəsizlərə mütəmadi olaraq yardım edən Mirzəli Ağalarov öz xeyirxah əməlləri ilə də tanınıb. Hətta 1994-cü ildə Azərbaycan Dövlət Televiziyası yarım saatlıq verilişini onun nəcib əməllərinə, uğurlu və nümunəvi sahibkarlıq fəaliyyətinə həsr edib. Bundan ruhlanan Mirzəli Ağalarov 1992-ci ildə Bakı şəhər İcra Hakimiyyətindən qanunu yolla aldığı və inqilabdan əvvəl inşa olunan “balıq passajı” kimi tanınan, uçub dağılmaq təhlükəsi ilə üzləşən tarixi binanı təmir etdirərək, orada yeni ticarət mərkəzi yaratmaq və biznes fəaliyyətini genişləndirmək qərarına gəlir. Bu məqsədlə bütün malını və mülkünü sataraq təmir işlərinə küllü miqdarda vəsait yatırır. Lakin binada gözü olan sabiq MTN-nin müavini Əli Nağıyev onun bu arzusunu ürəyində qoyur. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən MTN-nin sabiq müavini əvvəlcə 1996-cı ildə onu susdurmaq və oyundan kənar vəziyyətə salmaq qərarına gəlir. Bu məqsədlə Mirzəli Ağalarova 100 dollarlıq vergidən yayınma ittihamı irəli sürdürərək onu 3 il müddətə sifarişlə həbs etdirir. Daha sona isə binanı qanunsuz olaraq saxta sənədlə öz adına keçirir. Halbuki, tarixi bina sənədlə günü bu gün də Mirzəli Ağalarovun adınadır. Binanın hazırki real qiymətinin isə 50 millyon manat olduğunu deyən Mirzəli Ağalarov hüquqlarının və qanunu haqlarının müdafiəsi üçün bü günədək də mübarizə apardığından başına olmazın müsibətlər gətirildiyini bildirdi: «Həmin tarixi və memarlıq əhəmiyyətli binaya sərmayə qoymaq məqsədi ilə bütün varidatımı sərf edib milyonlarla xərc qoymuşam. Lakin binanı qanunsuz olaraq saxta sənədlə ələ keçirən Əli Nağıyevin əməlləri nəticəsində mən nəinki müflis olmuş, hətta hal-hazırda evsiz-eşiksiz qalmışam. Hazırda isə kirayədə qalmaq məcburiyyətindəyəm. Sözü gedən binanın sökülməsi və yerində çoxmərtəbəli binaların tikilməsi qanunsuzdur və addımı atanlar məsuliyyətə cəlb edilməlidirlər. Bu adam məni 1996-ci ildə mülkümü ələ keçirmək məqsədi ilə 3 müddətə saxta ittihamla həbs etdirib. Dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda 100 dollar vergidən yayınmaq ittihamı ilə vətəndaşı 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası qanunda yoxdur. Sadəcə Əli Nağıyevin marağı olduğundan məni 3 il həbsxanaya göndərdi ki, həmin binanı öz adına asanlıqla keşirə bilməsində ona maneçilik yaratmayım. Həbsdən çıxdıqdan sonra isə dəfələrlə mənə xəbər göndərib ki, dilini dinc saxlamasan və bu işi qurcalasan, səni yenidən həbsə atdıracam. Çünki, mən öz haqlarımı tələb etməkdən vaz keçmirdim. Bunu gördükdə isə mənə ölkəni tərk etməcəyim təqdirdə məni həbs edəcəyi mesajlarını çatdırıb. Bunun bir fayda vermədiyini mətbuata və hüqüq müdafiə təşkilatlarına müraciət etdikdə isə özünü Əli Nağıyevin qardaşı Məhəmməd kimi təqdim edən şəxs dəfələrlə məni ölümlə hədələyib. Başıma gələnlərlə bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə etdiyim müraciətə isə narahat olma məsələ araşdırılacaq şəkildə cavab verilib.” Şikayətçinin sözlərinə görə, bu günədək məsələni hüquqi müstəviyə daşımaq və məhkəmə predmetinə çevirməyə nail ola bilməyib. Çünki, özünə hüquqlarını müdafiə edəcək vəkil tapa bilməyib: “Hətta Aslan İsmayılov kimi tanınmış vəkil də mənim hüqüqlarımı müdafiə etməkdən imtina edib. Bir dəfə mən mətbuatda açıqlamamda da bildirmişəm. İndi də söyləyirəm. Bu ölkədə bütün insanlar Əli Nağıyevdən qorxur. Məhkəmələrdə Əli Nağıyevdən çəkinərək onun etdiyi müraciətə baxmaqdan çəkinirlər:” Hətta baş prokurora 6-7 dəfə teleqram vurmuşam. Cavabında isə bildirilib ki, biz bu adama cinayət işi aça bilmərik. Cənab prezidentə də teleqram vurmuşam. Yəqin Əli Nağıyevin maneçiliyi nəticəsində teleqram öz ünvanına gedib çatmayıb. Prezident dəfələrlə öz çıxışında vurğulayıb ki, hansı məmur özbaşınalığa yol verirsə onunla bağlı birbaşa ona müraciət edilsin. Ona görə də “Gündəm Xəbər “qəzeti vasitəsi ilə cənab prezidentə müraciət edərək ondan məsələyə müdaxilə edərək Əli Nağıyevin özbaşınalıqlarına son qoyulması üçün göştəriş verməsini xahiş edirəm. Haqq nazilər ancaq üzülməz. Cənab prezident mən inanıram ki, siz mənim etdiyim müraciətə biganə qalmayacaqsınız və nəhayət Əli Nağıyevin özbaşınalığına son qoyulacaq. Mən bir neçə mətbuat orqanına da demişəm. Bir daha da söyləyirəm. Əgər mümkündürsə, prezident şəxsən məni qəbul etsin. Onda Əli Nağıyevin digər özbaşınalıqları ilə baglı da ona məlumat verəcəm”. Həyatına və ailəsinə real təhlükə hiss etdiyindən bu barədə ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərə də müraciət etdiyini xatırladan Mirzəli Ağalarov öz hüquqları uğrunda sona qədər mübarizə aparacağını bildirdi: “Bütün hüquq-müdafiə təşkilatları və media orqanları mənim başıma gətirilənlərdən artıq xəbərdardırlar. Əgər burada öz hüqüqlarımın müdafiə edilməsinə nail ola bilməsəm, onda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacam”. Mövzunu diqqətimizdə saxlayacağıq. Ədalət
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?