DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində qanunsuz idman mərc oyunları təşkil etməkdə təqsirli bilinən qrupun üzvlərini və 10 min Amerika dolları müqabilində saxta diplom satan şəxsi məsuliyyətə cəlb edib. “gundemxeber.az”ya DİN-dən daxil olan məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yevlax rayonunda anadan olan, 32 yaşlı Emin Əliyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Emin Əliyev təxminən 1 il bundan əvvəl Qusar rayon sakini, 20 yaşlı Elşad Seyidov, Yevlax rayonunda anadan olan 22 yaşlı Fərdi Mehdiyev, Şəki şəhər sakini, Əfqan Xəlilov, Bakı şəhər sakinləri, 25 yaşlı Elşən Arzumanov, 19 yaşlı Ağacan Nərimanov və 24 yaşlı Tapdıq Fərəcovu da ətrafına cəlb edərək qanunsuz “ZenitBet” idman mərc oyunları təşkil edib. Emin Əliyev paytaxtın müxtəlif ərazilərində 6 ünvanda obyekt kirayə götürüb, qanunsuz oyunları təşkil etmək üçün lazım olan avadanlıqlar alıb və hər bir obyekti ətrafına cəlb etdiyi tanışlarına təhvil verərək işlətməyi tapşırıb. Əməliyyatçılar obyektlərə baxış keçirərkən qumara qoyulmuş külli miqdarda nağd pul, xüsusi kompüter avadanlıqları və digər maddi sübutlar aşkarlayaraq götürüblər. Eyni zamanda qanunsuz idman mərc oyunlarında iştirak edən Bakı şəhər sakinləri – 26 yaşlı Pərvin Kazımov və 35 yaşlı Sirac Vəliyev də saxlanılaraq barələrində qanunla müəyyən edilmiş qaydada ölçü götürülüb. Baş İdarə əməkdaşlarının keçirdiyi digər əməliyyat axtarış tədbirləri ilə saxta diplom hazırlayaraq satan Bakı şəhər sakini, 25 yaşlı Həsən Xəlilov da yaxalanıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, qardaşına məxsus Azərbaycan Beynəlxalq Universitetinin diplomunu ələ keçirərək üz qabığını və digər məlumatları xüsusi vasitələrlə dəyişib. Daha sonra isə diplomu satmaq üçün müştəri axtarıb. Nəhayət, müştəri tapan Həsən Xəlilov saxta diplomu 10 min Amerika dollarına satmağa razılaşıb. Saxta diplom satıldıqdan sonra əməliyyatçılar Həsən Xəlilovu ələ keçirib və onun üstündən 10 min dollar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, istintaq araşdırmaları davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?