«Nə Təhsil Nazirliyində, nə də Biləsuvarın təhsil şöbəsində qanunlar işləmir. Mən öz ixtisasım üzrə 4 ildir ki, informatika müəllimi işləyirdim. Neçə aydır ki, 8 saatlıq dərs yükümdən 2 saatını alıb, informatika fənni üzrə ixtisası olmayan başqa müəllimə veriblər. İndi mən əlimdən alınmış həmin 2 saatın əvəzinə əmək dərsi keçməli oluram». AzadlıqRadiosunun «Qaynar xətt»inə Biləsuvar rayonu, Əliabad kənd orta məktəbinin informatika müəlliməsi Cəmalə Əliyeva şikayət edib. O, ixtisasına uyğun fənn üzrə dərs saatlarının daraldılmasından və əvəzinə başqa fənn üzrə dərs keçməsindən narazıdır. Müəllimə təhsil nazirinə, Biləsuvar rayon icra hakimiyyəti başçısına, rayon təhsil şöbəsinin müdirinə və məktəb direktoruna ərizələr yazaraq, öz fənn üzrə dərs saatlarının bərpa olunmasını xahiş edib. Ancaq Əliabad kənd orta məktəbinin direktoru Bəsirə Rüstəmova deyir ki, bu, mümkün deyil. Çünki məktəbdə informatika fənni üzrə dərs keçməli olan üç müəllim var: - «Əvvəllər məktəbimizdə 17 sinif vardı, siniflərin bir neçəsi birləşdirildi və 11 sinif oldu. Cəmalə xanımdan başqa iki müəllimimiz də var ki, onlar da ixtisasca informatika müəllimidirlər. 11 sinif üçün informatika fənni üzrə cəmi 11 saat dərs yükü var. Biz də həmin 11 saatın 6 saatını Cəmalə xanıma vermişik, 5 saatını isə digər iki müəllim arasında bölmüşük. Cəmalə xanım daha nə istəyir, başa düşmürəm». - O deyir ki, ondan alınan dərs saatlarını həmin fənn üzrə ixtisası olmayan başqasına vermisiniz. - O ərizələrində də belə yazıb. Məktəbimizdən 30 müəllimin diplomu yığılıb, Təhsil Nazirliyinə göndərilib. Diplomların saxta olub-olmadığını da Nazirlik yoxlayıb müəyyən edəcək. Mən direktoram, gətirib diplomlarını təqdim edirlər, mən də işə götürürəm. Diplomun saxta olub-olmadığını Nazirlik yoxlayır. Direktor onu da bildirib ki, Cəmalə Əliyevanın dərs yükündən 2 saatının başqa fənn ilə əvəz olunması onun maaşına təsir etməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?