Tovuzdakı Konserv zavodunun sahibi Eldar Əliyevin oğlu rəis oldu
AzNews.az-a daxil olan məlumata görə, Abşeronda Mehdiabad qəsəbəsində yeni polis bölməsi fəaliyyətə başlayıb. Məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. O, bu məsələdən məlumatlı olmadığını bildirdi. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin sözcüsü Qalib Rəhimli polis bölməsinin yaxın həftələrdə fəaliyyətə başlayacağını desə də, təyinatlardan xəbərsiz olduğunu qeyd etdi. Abşeron rayonu, Xırdalan şəhərinin sahə rəisi, polis kapitanı Əmircan Salmanov isə faktı təsdiqlədi. Ə.Salmanov bildirdi ki, yeni polis bölməsinə təyinat alan rəis, artıq, bir neçə gündür ki, mütəmadi olaraq idarə ilə əlaqə saxlayır. Məlumat üçün bildirək ki, yeni polis bölməsinin rəis postuna polis kapitanı Eldar Kazımbəyov təyin edilib. Rəis müavini vəzifəsinə isə polis kapitanı Əkbər Əliyev təyinat alıb. Onu da bildirək ki, rəis müavini Əkbər Əliyev Tovuzdakı Konserv zavodunun sahibi Eldar Əliyevin oğludur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?