Vidadi İsayev bütün günahları müavini Vidadi İmanquliyevin üzərinə atmaq istəyir
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin adı hakimiyyətin yüksək dairələrində “qara siyahıya” düşüb. “Gündəm xəbər”ə daxil olan məlumata əsasən, Hesablama Palatasının bir neçə gün əvvəl açıqladığı audit yoxlamalarının nəticələri ilə bağlı ortaya ciddi yeyinti faktları çıxıb. Bu barədə mətbuatda da informasiyalar verilib. Məlumatlara əsasən, icra başçısı Vidadi İsayev dövlət büdcəsindən talanan pullarla bağlı ən yaxın adamını qurban verməyə hazırlaşır. Bu şəxs həm də icra başçısına əlavə başağrısı da yaradır. Daxil olan məlumatlara görə, V.İsayev müavini Vidadi İmanquliyevi Hesablama Palatasının açıqladığı yeyinti faktları ilə bağlı ciddi şəkildə danlayıb. Vidadi İmanquliyevin adı Bərdədə həm də bir ailənin faciəsinə görə “məşhurdur”. 19 aprel 2011-ci il tarixi yəqin ki, heç bir bərdəlinin yadından çıxmayacaq. Bərdənin Qasımbəyli kənd sakini Cəmaləddin Paşayev Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində direktor işləyən Vidadi İmanquliyevlə dalaşandan sonra, öz həyətində, körpə uşaqların gözü önündə üstünə benzin tökərək intihar etdi. Vidadi İsayevin güclü təkidi, həmçinin güclü maliyyə mənbəyi intihar etmiş şəxsin valideynlərini susdurdu. İntihar etmiş şəxsin qırxı çıxmamış, icra başçısı Vidadi İmanquliyevi kürd olduğuna və qohumluq əlaqələrinə görə özünə müavin təyin elədi. Bu haqsızlıq on minlərlə rayon əhalisinin dövlətçiliyə olan inamına ağır zərbə vurdu. Vidadi İmanquliyev nazirlikdən Bərdəyə müavin gələndən sonra öz biznesini xeyli gücləndirib. Məlumatlara əsasən, hətta müavin rayondakı şadlıq saraylarına, avtovağzala belə əl qoyub. Bununla belə, bir neçə gün əvvəl açıqlanan audit yoxlamalarının nəticəğləri də kifayət qədər ilgincdir. Hesabatda olduqca mühim məqamlar yer alıb. Bərdə rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfat” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. Bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib. Belə ki, icra hakimiyyətindən abadlıq və yolların əsaslı təmiri işləri üzrə 16 halda büdcə vəsaitlərini müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan icraçı ilə birbaşa bağlanmış müqavilə əsasında xərc edilib, bir sıra hallarda məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə malların (iş və xidmətlərin) satın alınması ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilərək həyata keçirilib. Küçə işıqlarının sayğaclaşdırılmaması nəticəsində büdcə vəsaitinin səmərəli və qənaətlə xərclənilməsi təmin edilməyib, vergi orqanında uçotda olmayan fiziki şəxsə göstərdiyi xidmətlərə (işlərə) görə ödənilmiş vəsaitdən gəlir vergisi tutulmayıb. Satınalma tətbiq edilmədən müxtəlif hüquqi şəxslərdən alınan material və inventarlar maddi məsul şəxsin hesabına mədaxil edilməyərək onların alınması üçün ödənilmiş vəsaitə görə yaranan debitor borcu uçotdan yayındırılıb. Bir halda müqavilə şərtlərinə əməl edilməyərək icraçıya artıq büdcə vəsaiti ödənilib, şəhər küçələrinin işıqlandırılması üzrə quraşdırılan işıq dirəyi və elektrik xətləri əsas vəsait kimi uçota alınmayıb. Mənzil fondunun zərərinin ödənilməsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması əsaslandırılmayıb, maliyyə təsərrüfat planı tərtib edilməyib, gəlirlər azaldılıb, xərclər araşdırılmayıb, mənzil və xidmət haqları üzrə debitor borcun yığılması istiqamətində zəruri tədbirlər həyata keçirilməyib. Məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalarda səhvlərə yol verilib, materiallar nağd qaydada alınıb, tikinti materialları əsassız silinərək uçotdan yayındırılıb, mənzil fondunun əsaslı təmiri aparılan zaman söküntüdən əldə edilən yararlı tikinti materialları anbara mədaxil edilməyib. Kommunal Müəssisələri Kombinatından xərclərin tərkibi müəyyənləşdirilərkən mövcud normaların tələbləri gözlənilməyib, əmək haqqı məbləğinin tərkibinə aparat işçilərinin əmək haqqı, üstəlik, xərclər daxil edilib. Məişət, istehsalat tullantılarının daşınması və zərərsizləşdirilməsinə dair müqavilələrin bağlanılması və bağlanılmış müqavilələr üzrə vəsaitin tam yığılması təmin edilməyib, satınalma metodu tətbiq edilmədən təhtəlhesab şəxs vasitəsilə mal-material qiymətləri və inventarlar alınaraq maddi məsul şəxsin hesabına mədaxil edilmədən və uçota alınmadan birtərəfli aktlarla silinib, təhtəlhesab şəxsin öhdəsindən nağd pul vəsaiti və yanacaq əsassız silinib, əmlak və öhdəliklərin illik inventariziyası aparılmayıb, ehtiyat hissələrinin silgisi qüsur və quraşdırma aktları olmadan birtərəfli aktlarla aparılıb, bəzi ehtiyat hissələrinin uçotu aparılmayıb, hesabat illəri üzrə dölət büdcəsinə, DSMF-yə yaranan kreditor borclar artmaqda davam edib. Sadalanan bu faktlkarın nəticəsində Vidadi İsayevin rəhbəri olduğu rayonun İcra Hakimiyyəti tərəfindən 2 milyon 833 min manat büdcə pulunun yoxa çıxdığı müəyyən edilib. Eyni zamanda aparılan abadlıq işləri zamanı malların alınmasında, submüqavilələr üzrə naməlum şirkətlərlə müqavilələrin hazırlanması və sair müdhiş maliyyə pozuntularına yol verilib. Qeyd edək ki, bununla bağlı olaraq daxil olan əlavə məlumatları da yaxın günlərdə təqdim edəcəyik. RÜFƏT
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?