Gədəbəy rayon sakini, 1984-cü il təvəllüdlü Naibə Qiliyeva öz həyat yoldaşını öldürüb. O, həyat yoldaşı tərəfindən içgəncələrə məruz qalıb və sonda işgəncələrə dözməyərək cinayət törətməyə əl atıb. Teleqraf.com-un araşdırmasına görə, hadisə 2012-ci il, noyabrın 2-də baş verib. Naibə Quliyeva 2008-ci ildən Maqsim Axundovla qeyri rəsmi ər-arvad münasibətində olublar. Onlar birlikdə , Gədəbəy rayonu Şahdağ kəndində yaşayıblar. Maqsim Axundov Naibəni bu illər ərzində təhqir edib, işgəncələrə məruz qoyub. Maqsim sonuncu dəfə Naibəyə noyabrın 1-də işgəncə verib. Bundan sonra Naibə Maqsimlə ər-arvad kimi birlikdə yaşamağın qeyri mümkün olduğunu görüb. O, Bakı şəhərində yaşayan atası evinə getmək üçün yaşadığı evdən çıxaraq əvvəlcə Gədəbəy rayonu Düzyurd kəndində yaşayan nənəsi Telli Quliyevanın evinə gəlib. Onun evdən çıxıb getməsini bilən Maqsim Axundov noyabrın 2-də, saat 17.00-da həmin evə gələrək onu yenidən döyüb. Maqsim sonra Naibəni zorla evdən çıxarıb. Bu zaman Naibə Maqsim Axundovdan qisas alaraq onu öldürmək qərarına gəlib. Bu məqsədlə evdən götürdüyü bıçaqla Maqsim Axundovu bıçaqlayaraq öldürüb.
“Maqsim məni söyüb, təhqir edib”
Bu əməli ilə Naibə Quliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmədə ifadə verən Naibə Quliyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Maqsim Axunodovla 2008-ci ildə qeyri-rəsmi ailə qurub. Onun sözlərinə görə, həmin ildən Maqsimə məxsus Gədəbəy rayonunun Şahdağ kəndində olan evdə yaşayıblar: “Birgə nikahımızdan 2010-cu ildə bir uşağımız olub. İlk əvvəl ər-arvad kimi münasibətlərimiz yaxşı olsa da, sonradan Maqsim mənə qarşı kobud davranıb, daim məni söyüb, təhqir edib, döyüb. Onun belə hərəkətlərinin sayı-hesabı olmadığından konkret olaraq hansı tarixlərdə döyməyimi xatırlamıram”.
“Ərim saçımdan tutaraq başımı taxta döşəməyə çırpdı”
Naibə Quliyevanın sözlərinə görə, 2010-cu ilin yay aylarında Maqsim sərxoş vəziyyətdə evə gəlib: “Maqsim kiminsə onu əsəbləşdirməsini dedi və daha sonra bıçaqla sol arxa nahiyəmdən vurdu. Həmin zaman mənə xəsarət yetirdi. Həmin ilin qış aylarında çörək bişirdiyim vaxt Maqsim oduncağı götürərək heç bir səbəb olmadan alnıma basaraq məni dağladı. Sonuncu dəfə isə hadisədən bir gün əvvəl Ceyran adlı qadının yanında məni yumruq, təpiklə döydü. Ərim saçımdan tutaraq başımı taxta döşəməyə çırpdı. Maksim hər dəfə məni döyəndə kiməsə deyəcəyim təqdirdə, başımı kəsəcəyini, əgər valideynlərimin yanına qaçacağım halda isə gecə benzin töküb evlərini yandırıb kül edəcəyini deyib. O, məni daim qorxu altında saxlayıb. Həm buna görə, həm də ailəmin dağılmaması üçün Maqsimin məni döyməsi barədə heç bir orqana şikayət etməmişəm. Bir neçə dəfə acıq edərək atamgilə getsəm də, sonradan Maqsim arxamca gəlib. O, məni və valideynlərimi dilə tutaraq yenidən geri qaytarıb. Axırıncı dəfə Bakı şəhərinə atamın evinə getdim. Üç ay valideynlərimin yanında qaldıqdan sonra Maqsim arxamca gəldi. O, yenidən valideynlərimə yalvararaq məni özü ilə kəndə apardı”.
“Atama özümü öldürəcəyimi dedim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2009-cu ilin aprel ayında atası Gədəbəy rayonuna toy mərasiminə gəlib: “Atam toydan çıxandan sonra mənə baş çəkmək üçün kəndə olan evimizə gəldi. Həmin vaxt atam sifətimdə xəsarət olduğunu gördü, kim tərəfindən döyülməyimi soruşdu. Hər şeyi atama danışaraq artıq Maqsimlə yaşamağının mümkün olmamasını, Maqsimin mənimlə yola getməməsini, məni mütəmadi olaraq döyməsini bildirdim. Bu zaman atama onunla birlikdə evimizə getmək istədiyimi dedim. Atam isə məni evlərinə aparmaq istəmədiyini gördüm, aparmayacağı təqdirdə özümü öldürəcəyimi dedim. Atam da bundan sonra məni özü ilə Bakı şəhərinə apardı. Təxminən bir ay atamgildə qaldıqdan sonra Maqsim yenidən gəldi. Maqsim məni və valideynlərimi inandırmağa çalışdı ki, mənə qarşı yaxşı münasibətdə olacaq və incitməyəcək və hərəkətlərindən peşiman olduğunu dedi. Maqsim böyük çətinliklə məni və valideynlərimi razı saldı. Azyaşlı körpə uşağımı da götürərək yenidən kəndə qayıtdim. Maqsim bir-iki gün mənimlə mehriban olsa da, yenə də əvvəlki kimi spirtli içki qəbul edərək sərxoş vəziyyətdə mənə qarşı olan həmin hərəkətlərini davam etdirib. Dəfələrlə evimizə getmək istəsəm də, Maqsim evimizə gedəcəyim təqdirdə Bakı şəhərinə gələrək məni və valideynlərimi öldürəcəyini, evimizi isə yandıracağı ilə hədələyib. Qorxumdan onun bu hərəkətlərinə birtəhər dözmüşəm. Lakin uşağımın təxminən bir yaşı yenicə tamam olduğu vaxt Maqsimin hərəkətlərindən bezərək telefonla anam ilə danışdım. Ona Maqsimin hərəkətləri barədə məlumat verdim. Daha sonra anamdan məni Bakı şəhərinə evimizə aparmasını istədim”.
“Maqsim anamın ayaqları altına yıxılaraq yalvardı”
Naibə Qiliyeva qeyd edib ki, anası ilə danışandan bir neçə gün sonra anası onlara gəlib: “Anam halımın pis vəziyyətdə olduğunu gördü. Buna görə də məni uşağımla birlikdə Bakı şəhərinə apardı. Atam evinə gəldikdən təxminən iki-üç gün sonra eşitdim ki, Maqsim artıq Gədəbəy rayonunun İnəkboğan kənd sakini Ceyran adlı bir qızla evlənib. Bundan bir müddət sonra Maqsim yenidən Bakı şəhərinə gələrək mənimlə barışmaq istədiyini, məni aparıb normal ailə kimi saxlayacağını dedi. Buna etiraz etdim. Maqsim anamın ayaqları altına yıxılaraq yalvardı. O, anamı inandırdı ki, evləndiyi Ceyran adlı qızı artıq evdən qovub və hazırda tək yaşayır, bundan sonra isə normal ailəsi kimi məni və uşağını saxlayacaq. Atam evində yaşamağın çətin olduğuna görə məcbur olaraq Maqsimlə birlikdə yenidən kəndə qayıtdım. Lakin bu dəfə Maqsim məni valideynlərinin yaşadığı evə gətirmədi. Gələndən sonra Maqsimin məndən sonra aldığı Ceyran adlı qızın həqiqətən də evdə olmadığını gördüm. Maqsim məni evə gətirəndən sonra təxminən bir həftə mehriban dolandı. Bir həftədən sonra Maqsim yenidən həmin hərəkətlərini davam etdirərək mənimlə dalaşmağa və məni söyüb təhqir etməyə başladı”.
“Azyaşlı uşağım ilə mən bir çarpayıda, ərim isə Ceyranla digər çarpayıda yatırdı”
Naibə Quliyevanın sözlərinə görə., Maqsimin ona işgəncə verməsinə baxmayaraq məcbur olub dözüb, atası evinə qayıtmaq istəməyib: “Mənim başqa yerdə də yaşamağa yeri olmayıb. Hadisədən 4-5 gün əvvəl isə Maqsim Ceyranı da yenidən evə gətirdi. Mən bu vaxta kimi Maksimin kənddə olan evində yaşamışam. Maqsimin Ceyranı qaytarmasına etiraz etsəm də, Maqsim hər ikiimiz ilə birlikdə bir evdə yaşayacağını deyərək məni də həmin evə apardı. Lakin həm mən, həm də Ceyran buna etiraz etdik. Maqsimə ya məni, ya da Ceyranı saxlamasını dedim. Həmçinin Ceyran da eyni sözləri Maqsimə söylədi. Maqsim isə hər ikimizi saxlayacağını bildirdi. Maqsimin bu hərəkəti hər ikimizə çox pis təsir etmişdi. Maqsim Ceyranın yanında da mıni söyüb, təhqir edirdi və bütün ev işlərini mənə gördürürdü. Qaldığımız həmin ev isə iki otaqdan ibarət olsada, bir otağı təmirsiz olduğuna görə, hamımız bir otaqda yaşayırdıq. Azyaşlı uşağım ilə mən bir çarpayıda, ərim isə Ceyranla digər çarpayıda yatırdı”.
“Ərim mənə məcbur edirdi ki, Ceyrana etdiyi hərəkətlərə baxım”
Təqsirləndirilən şəxs deyib ki, əri Ceyranla yatağa girəndə işığı söndürməyə qoymurmuş: “ Ərim işığı yanılı qoymaqla əvvəlcə Ceyranla hər cür formada cinsi əlaqədə olurdu. Ceyranın qışqırtılarına, yalvarışlarına əhəmiyyət verməyərək ona qarşı seksual hərəkətlərini edirdi, etiraz etdikdə isə Ceyranı döyürdü. Ərimə məni Ceyrana etdiyi hərəkətlərə baxmağa məcbur edirdi. Hadisədən bir gün əvvəl Maqsim axşam saatlarında evə gələrək özü ilə gətirdiyi bir butulka arağı içmək üçün yemək istədiyini bildirdi. Maqsim mənə kartof hazırlamağımı tapşırdı. Mən də Ceyranla birlikdə kartofu qızardıb onun qarşısına qoyduq. Sonra üçümüz birlikdə həmin yeməyi yedik. Maqsimin təkidiilə birlikdə bir butulka arağı içdik. Sonra Maqsim həm Ceyrana, həm də mənə soyunmağımızı dedi. Maksim özü də paltarlarını soyunaraq stulda oturdu və Ceyranı məcbur etdi ki, dizlərini yerə qoyaraq onun cinsiyyət orqanını ağız nahiyəsinə alsın. Ceyran onun dediyini etdi. Maksim daha sonra isə Ceyranla qeyri təbii yolla cinsi əlaqədə oldu. Ceyrandan sonra Maqsim mənimlə də həmin hərəkətləri etmək istədi. Mən buna etiraz etdim. Maqsim məni yerə uzadaraq başını döşəməyə çırpdı, Ceyran isə məni Maqsimin əlindən aldı. Bundan sonra Maqsim yatdı”.
“Ərim dedi ki, qayıdanda gör sənin başına nə oyunlar gətirəcəm”
Naibə Quliyeva əlavə edib ki, Maqsimlə belə yaşamağın mümkün olmadığını görüb və uşağı ilə harasa getmək haqqında düşünüb: “Həmin günün səhəri Maqsim səhər yeməyini yedi və ata minərək Köhnə Qışlaq kəndinə meşədən topladığı odunları satmaq üçün müştəri tapmağa getdi. O, gedərkən mənə dedi dedi ki, qayıdanda gör sənin başına nə oyunlar gətirəcəm. Maqsim gedəndən sonra uşağımı götürərək evdən çıxdım. Ceyran dedi ki, o da mənimlə birlikdə getmək istəyir. Ceyran bildirdi ki, Maqsim evə gələndə evdə olmadığımı və uşağım da götürüb getdiyimə imkan verdiyinə görə mütləq onu danlayacaqdı. Ceyrana getməməsini bildirsəm də, Ceyran qəti şəkildə Maqsimlə yaşamaq istəmədyini bildirdi. Həmin günü saat 11.00-da özümə və uşağıma aid geyim əşyalarını bir salafana, Ceyran da özünə aid paltarlarını bir salafana yığdı. Biz birlikdə evi tərk etdik”.
“Maqsim qucağımda azyaşlı körpə uşağının olmasına əhəmiyyət verməyərək üstümə cumdu”
Təqsirləndirilən şəxs qeyd edib ki, kənddən tanımadığı bir şəxsin minik avtomobili ilə əvvəlcə Saratovka kəndinə gəlib: “Oradan da başqa tanımadığım şəxsin avtomobili ilə Düzyurd kəndinə gedən yola qədər gəldim. Orada avtomobildən yerə düşdü və piyada həmin kənddə yaşayan nənəm Telligilə gəldim. Həmin vaxt evdə nənəm Telli və onun azyaşlı nəvəsi, yəni bibim Rənanın qızı Lamiyə vardı. Nənəm Telli bibim Rəna, Rənanın oğlu İsmət və Rənanın qızları Lalə və Lamiyə ilə bir evdə yaşayırlar. Bibim Rəna və oğlu İsmət işdə olmaları, bibim qızı Lalə isə rayon mərkəzində kiminsə toy məclisinə getdiyi üçün evdə olmayıblar. Nənəm çox yaşlı olduğuna görə həm eşitmirdi, həm də adam tanımırdı. NənəsmTelligilə gəlməkdə məqsədi məni Bakı şəhərinə aparmaları üçün valideyinlərimə xəbər göndərmək, həm də Ceyrana kömək edərək onu Şəmkir rayonunda yaşayan qardaşı gilə yola salmaq olub. Ceyranla birlikdə nənəmgildə yemək yediyimiz vaxt Gədəbəy rayonun Qumlu kəndində yaşayan bibim Rəxşəndə və onun arxasınca da Maqsim ora gəldilər. Maqsim içəri girən kimi Ceyranın üstünə cumaraq başına bir yumruq zərbəsi vurdu. Ceyran isə otaqdan çölə çıxdı. Ceyran qaçdıqdan sonra Maqsim qucağında azyaşlı körpə uşağının olmasına əhəmiyyət verməyərək üstümə cumdu. Maksim başıma, sifətimə bir neçə sillə, yumruq vurdu. Uşağın qorxmaması üçün onu çarpayının üstünə qoydum. Maqsim yenidən üsümə gəldi. O, məni söyüb təhqir etməklə bərabər həmçinin başıma-sifətimə yumruq zərbələri vurdu. Bibim qızı Lamiyə isə qorxusundan evdən çölə çıxdı. Bibim Rəxşəndə isə Maqsimin məni vurmaması üçün onu arxadan qucaqlayaraq çətinliklə çölə çıxardı. Lakin buna baxmayaraq Maqsim yenidən otağa qayıtdı. Həmin vaxt Maqsimin stolun üstündə olan bıçağa baxdığını və bıçağı götürmək istədiyini hiss etdim. Ondam qabaq stolun üstündə olan bıçağı götürdüm. Maqsim isə həmin bıçağı əlimdən almağa çalışdı. Bu zaman maksim vura-vura məni evdən çölə çıxardı. Çöldə Maqsim yumruqla sinəmdən vurduqdan sonra evin divarına söykəndim. Maqsimi itələdim, eyni zamanda bıçaqla onun ürək nahiyyəsindən bir zərbə vurdum. Həmin zərbədən sonra Maqsim yerə yıxılsa da, yenə də nalayiq söyüşlər söydü, məni öldürəcəyi ilə hədələdi. Bibim Rəxşəndədən xahiş etdim ki, Maqsimi otağa aparmaqda mənə köməklik etsin. Bibim ilə birlikdə Maqsimi otağa gətirdik. Otaqda Maqsimin ürək nahiyyəsindən axan qanını kəsmək üçün onun sinəsinə stol üstünü sildiyimiz parçanı qoydum. Nə mən də, nə də bibim də mobil telefon olmadığına görə təcili yardıma zəng edə bilməmişik. Maqsim yerdə xırıldayaraq qalmışdı, bir azdan onun xırıltısı kəsildi və bununla da onun öldüyünü bildim. Bir qədər sonra isə həmin evdə yaşayan bibim Rənanın oğlu İsmət, sonra isə Ceyran evə gəldilər. Bibim oğlu İsmət hadisə barədə bizdən məlumatı alandan sonra çölə çıxdı, kiməsə telefonla zəng etdi. Bundan 10-15 dəqiqə sonra isə bibim Rəna və onun qızı Lalə evə gəldilər. Bibim evdə Maqsimin meyitini gördükdə əsəbləşərək məni söyüb təhqir etdi və qarğış etdi ki, niyə ərini öldürdün. Bibim Rəna gələndən sonra Maqsimin ölməsinə baxmayaraq hər ehtimala görə təcili tibbi yardıma zəng etdi. Maqsimi xəstəxanaya göndərdik. Səhəri günü polis əməkdaşları məni yolda tutaraq polis şöbəsinə apardılar”.
“Naibə tək oğlumu öldürə bilməzdi”
Zərərçəkmiş şəxsin hüquqi varisi Məryəm Axundova deyib ki, mərhum Maqsim Axundov onun oğludur: “Maqsim 2004-cü ildə Fərqanə adlı qızla ailə həyatı qurub, birgə nikahlarından bir oğlan uşaqları olub. Lakin Fərqanə sonradan ağır xəstəliyə düçar olduğundan onu müalicə etdirməyə maddi imkanımız olmayıb. Valideynləri Fərqanəni öz yanlarına aparıblar. Maqsim Fərqanədən ayrıldıqdan sonra 2008-ci ildə Naibə ilə ailə həyatı quraraq həmin vaxtdan onunla ər-arvad kimi yaşayıb. Naibə ilə birgə nikahlarından bir qız övladları olub. Onların evlərində şərait olmadığından Maqsimlə Naibə mərhum qaynatamdan miras qalmış evdə yaşayıb. Yaşadıqları müddətdə Maqsimlə Naibə arasında mənə məlum olmayan səbəblərə görə narazılıqları olub. Naibə bir neçə dəfə valideynlərinin yanına gedib. Çox vaxt isə Naibənin anası gələrək onu evlərinə aparıb. Hər dəfə də Maqsim Naibənin arxasınca gedərək onu evlərinə qaytarıb. Hətta elə hal olub ki, Naibə özü Maqsimə zəng edərək valideyinləri ilə yola getmədiyini, valideyinləri ilə qala bilmədiyini bildirib. Naibə Maqsimə onu aparmasını xahiş edib. Maqsim də Bakı şəhərinə gedərək Naibəni evə qaytarıb. 2009-cu ildə Naibə Maqsimlə aralarında yaranmış narazılığa görə uşağını da götürərək atası evinə gedərkən yolda Maqsimlə qarşılaşıb. Maqsim uşağı onun əlindən alıb. Buna görə də Naibəgil polisə şikayət edərək uşağı Maqsimdən alıblar. Naibə gedəndən 3-4 ay sonra Maqsim İnəkboğan kənd sakini Ceyran adlı qadınla ailə həyatı qurub. Ceyran da mənə məlum olmayan səbəblərə görə bir neçə dəfə evdən gizlin olaraq qaçıb. Maqsim isə onu geri qaytarıb. Hadisədən təxminən bir ay əvvəl Ceyran yenidən evdən gedib. Maqsim də Bakı şəhərinə Naibənin atası evinə gedib və Naibəni kəndə gətirib. Təxminən bir həftə sonra isə Ceyranı da evə qaytarıb. Maqsim Ceyranda vaxtından əvvəl doğuş sancılarının baş verməsini bilərək ona baş çəkmək üçün gedib. Həmin gün Maqsim evə gəlməyib. Səhəri günü isə Ceyranla birlikdə qayıdaraq onu kəndin yuxarı hissəsində yerləşən qaynatasına məxsus evə aparıb. Sonradan Maqsimin özünün mənə deməsinə görə Ceyranda ev şəraitində açılış olub və doğuşu özü evdə edib. Həmin vaxt Maqsim Ceyrana baxmağım üçün həmin evə aparmaq istədi. Lakin bundan imtina edəndən sonra Naibəni həmin evə apardı. Üç gündən sonra isə uşaq doğuş zamanı sağlam doğulmadığından ölüb. Bundan sonra oğlum Maqsimin Naibə və Ceyranla necə dolanmalarından, yola gedib-getməmələrindən məlumatım olmayıb. Oğlum arvadı Naibə tərəfindən öldürülməsini isə hadisənin səhərisi günü bilmişəm. Lakin necə və hansı şəraitdə, eləcə də nə səbəbə görə öldürülməsindən xəbəri olmayıb. Sonradan isə eşitdiyimə görə Naibə azyaşlı uşağını da götürərək Ceyranla birlikdə evdən çıxaraq Düzyurd kəndində yaşayan nənəsi evinə gedib. Sonra Maqsim onun arxasınca gedibvə Naibəni evə qaytarmaq istəyib. Naibə isə qayıtmaq istəməyib. Həmin vaxt mübahisə zamanı Naibə onu bıçaqla oğlumu vurub. Həmin vaxt Naibənin bibisi və həmçinin Ceyranda orada olublar. Onlar üçü birləşərək oğlumu öldürüblər. Çünki Naibə tək oğlumu öldürə bilməzdi”.
“Maqsim heç bir səbəb olmadan məni döyüb”
Cinayət işi üzrə şahid qismində ifadə verən Ceyran Abdullayeva deyib ki, Maqsimlə 2011-ci ildə qeyri-rəsmi ailə həyatı qurub. Onun sözlərinə görə, ilk əvvəl Maqsimin valideynlərinə məxsus evdə qaynatası Bayram, qaynanası Məryam və şikəst baldızı Güllü ilə birlikdə yaşayıb: “Maqsim mənimlə ailə həyatı qurduğu ilk gündən yola getməyib. Heç bir səbəb olmadan məni söyüb təhqir edib və döyüb. Evlənəndən bir neçə gün sonra Maqsimgilin həyətlərində ot tayası yanıb. Maqsimin valideynləri otun yanmasında Maqsimi günahkar görərək bizi evdən qovdular. Maqsim də mənimlə birlikdə kəndin aşağı tərəfində olan başqa bir evə köçərək orada yaşamağa başladıq. Həmin evdə də Maqsim mənə olmazın işgəncələrini verib, hər gün içkili vəziyyətdə evə gələrək heç bir səbəb olmadan məni döyüb. Ondan şikayət etmək istəsəm də, ailəmin dağılacağından və qardaşlarımın mənə yiyə durmayacağından qorxaraq onunla yaşamağa məcbur olmuşam”.
“Maqsim məni içirdəndən sonra istədiyi formalarda cinsi əlaqədə olmağa məcbur edib”
Ceyran Abdullayeva daha sonra ifadəsində Maqsimin ona verdiyi işgəncələrdən, seksual xarakterli hərəkətlər etməsindən danışıb: “Maqsim həmişə özü ilə bərabər məni də zorla spirtli içki içirdib. Maqsim məni içirdəndən sonra istədiyi formalarda cinsi əlaqədə olmağa məcbur edib. O, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olub və digər zorakı seksual hərəkətlərə vadar etmək istəyib. Buna etiraz etdikdə Maqsim məni döyüb. Maqsimin hərəkətlərinə dözə bilməyərək acıq edib atam evinə getmişdim. Bundan bir neçə gün sonra isə Maqsimin əvvəlki arvadı Naibəni Bakı şəhərindən geri qaytardığını eşitdim. Atam evində olarkən isə qarın nahiyyəmdə sancılar olduğundan bu barədə Maqsimə xəbər göndərdim ki, məni aparsın. Maqsim də məni kənddə babasına məxsus evə apardıqdan bir neçə gün sonra vaxtından əvvəl doğuş keçirdim. İki gün sonra uşaq öldü. Bundan sonra Maqsim öz anasını yanına gətirib saxlayacağını desə də, nədənsə anası gəlmədi. Maqsim sonra isə birinci arvadı Naibəni həmin evə gətirdi”.
“Naibə cinsi əlaqədə olmadığı üçün döyüldü”
Şahid daha sonra ifadəsində qeyd edub ki, Naibə onunla qaldığı müddət ərzində evdə olan bütün işləri görüb: “Maqsim isə demək olar ki, hər gün evə sərxoş vəziyyətdə gəlirdi, evə gələndə də özü ilə araq gətirdi və həmin araqdan bizə də içirdirdi. Araq içmək istəməyəndə isə bizi döyürdü. Maqsim mənə araq içirtdikdən sonra məcburi şəkildə qeyri təbii yolla cinsi əlaqədə olurduq. O, Naibəni də bizə baxmağa məcbur edirdi. Maqsim mənə elədiyi hərəkəitləri Naibənin də təkrar etməsini istədi. Naibə onunla razılaşmadığı üçün döydü. Noyabrın 1-də səhər saatlarında Naibə bulağa su gətirməyə gedən zaman bir qədər gec qayıtdığına görə Maqsim onu möhkəm döydü. Həmin gün axşam Maqsim evə gələndə bir ədəd litrlik araq da gətirmişdi. Birlikdə oturub yeyib-içdik. Həmçinin mən və Naibə də Maqsimin təkidi ilə araq içdik. Yeyib-içdikdən sonra həmin gecə Maqsim Naibə ilə mənə soyunmağımızı dedi və özü də paltarlarını soyunaraq stulda oturdu. Maqsim mənə dizlərimi yerə qoyaraq oturmağımı dedi…(şahid ifadəsində maqsim tərəfindən edilən əxlaqsızlıq hərəkətlərini və cinsi əlaqədə olmağı çılpaqlığı ilə danışıb. Buna görə də şahidin həmin hissədə ifadəsini təqdim etmirik”.
7 il cəza
Ceyran Abdullayeva ifadəsində həmçinin bildirib ki, ertəsi gün Maqsim evdən gedəndən sonra Naibə də uşağı ilə birlikdə evi tərk edib. Onun sözlərinə görə, o, da Naibə ilə birlikdə evdən çıxıb. O, qeyd edib ki, Naibənin bibisigildə olduğu zaman Maqsim ora gəlib. O, ifadəsinin sonunda Naibə ilə Maqsim arasında yaranan mübahisədən, sonra isə Naibənin Maqsimi bıçaqlamasından danışıb. O, qeyd edib ki, Naibənin əvvəlcədən Maqsimi öldürmək niyyəti olmayıb, hadisə təsadüfən baş verib. Məhkəmənin hökmü ilə Naibə Quliyeva 7 il müddətinə azadlıqdan məhrum edilib. Naibə Quliyevanın barəsində olan “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilib. Naibə Qilyeva məhkəmə zalındaca həbs edilib.
Ərini öldürən qadın həbsdən azad edildi
Hökmdən narazı qalan Naibə Quliyeva apelyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Naibə Quliyevanın apelyasiya şikayəti təmin edilib. Məhkəmə Naibə Quliyevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsini həmin məcəllənin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edib. Həmin maddə ilə Naibə Quliyeva 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Naibə Quliyevanın barəsində təyin olunan cəza həbsdə saxlanıldığı müddətlə başa çatıb. Buna görə də Naibə Quliyeva həbsdən azad edilib. [b]Hacı Zeynalov[/b]
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?