Şöbə müdiri son bir ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib
Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri, xüsusilə kəndlərdə fəaliyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, kağız üzərində fəaliyyət göstərən bu «mədəniyyət ocaqları» hər il dövlətin külli miqdarda vəsaitini sömürür. Ayrılan vəsaitlərin hara sərf olunduğunu isə icra başçıları və və Turizm şöbələrinin müavinləri bilir. Və təbii ki, Mədəniyyət və Turizm Nazirliyində çalışan bir neçə məmur. Biz oxucularmıza bu gün bir rayonda Mədəniyyət və Turizm şöbəsinin hər il nə qədər dövlət vəsaitinin mənimsədiyini göstərəcəyik. Təbii ki, qarşı tərəf bizim yazdıqlarımızı şər və böhtan olaraq dəyərləndirəcək. Amma biz onu da əvvəlcədən qeyd edirik ki, Bərdə Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev bu yazıdakı faktları danmaq üçün Bərdəni yenidən söküb qurmalıdır. Daxil olan məlumata görə, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev rəhbərlik etdiyi qurumun nəzdindəki klubların və mədəniyyət evlərinin əli ilə son 1 il ərzində külli miqdarda dövlət vəsaiti mənimsəyib. Bu vəsaitin hamısının İlyas Hacıyev tərəfindən mənimsənildiyi iddia olunmasa da, bu bir faktdır ki, dövlət vəsaitləri məhz Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdirinin əli ilə silinib. Qeyd edək ki, Bərdə Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 35 mədəniyyət evi, 3 mədəniyyət mərkəzi, 75 klub, 56 kitabxana və 7 musiqi məktəbi var. İnformasiyalı şəxs qeyd edir ki, rayondakı kənd klubları və mədəniyyət evləri hazırda İlyas Hacıyevin vəsait silmə işindən başqa heç nəyə yaramır. Çünki kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu, bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanlar da İlyas Hacıyevin «ölü canlarıdır». Məlumatda göstərilir ki, Bərdə rayonunun Qarayusifli, Tumaslı, Əmirli, Bala Ərəblər, Gülgəzli, Qaradəmirçi, Cicimli, Tağılar, Xanxanımlı, Dəymədağıldı, Şorəli, Cəyirli, Mirasəfli, Qaradırnaq, Mollaəhmədli, Xanağalı, Qayalı, Türkmən, Qullar, Xanərəb, Yeni Əyricə, Bala Qacar, Qazaxlar, Qaratəpə, Cumalar, Qurdlar və digər kəndlərdə yerləşən klublar çayxana kimi fəaliyyət göstərir. Yəni bu «mədəniyyət ocaqları» həmçinin İlyas Hacıyevin biznes obyektləridir. Həmçinin İlyas Hacıyev son 1 ildə rayon büdcəsindən ayrılmış 100 min manatdan çox vəsaiti məhz bu «çayxana-mədəniyyət evlərinin» cari təmirinə «sərf» edib. Əslində isə ayrılan vəsaitin 20-yə yaxın klubun, mədəniyyət evinin cari təmiri adı altında sənədləşdirərək mənimsədiyi bildirilir. İlyas Hacıyevin əsas qazanc yerlərindən biri də kənd mədəniyyət evlərində kağız üzərində fəaliyyət göstərən olmayan dərnəklər və olmayan klubda çalışan mədəniyyət işçilərdir. Belə ki, Yeni Daşkəsən, Xəsli, Zümürxan, Samux, Mustafağalı, Qaraqoyunlu, Şirvanlı, Şatırlı, Soğanverdilər, Vəliuşağı, Mirzəxan, Çələbilər, Mollagüllər, Mirzəcəfərli, Kolayır, Saatlı və Həsənqaya kəndlərindəki mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzərində fəaliyyət göstərir. Yəni bu kənd klubları heç çayxana olaraq da fəaliyyət göstərmir. Məhz bu klublardan və formal olaraq fəaliyyət göstərən dərnəklərin vasitəsi ilə İlyas Hacıyevin hər ay büdcədən 4 min manata yaxın vəsait mənimsədiyi iddia olunur. Bundan başqa məlumatda göstərilir ki, İlyas Hacıyev olmayan klubları isindirmək üçün soba odunu, inventarlar «alır». Həmçinin idarə müdiri «və sair xərclər» adı altında bilinməyən mallar alaraq idarəyə ayrılan vəsaitləri xərcləyir. Daxil olan məlumatda o da qeyd olunur ki, İlyas Hacıyevin qaranlıq işlərindən biri isə dəftərxana ləvazimatlarının alınması üçün xərclənən 110 min manat vəsaitdir. Belə ki, 110 min manat vəsaitlə Bərdə rayon Mədəniyyət və Turizm İdarəsini ən azı 10 il müddətində dəftərxana ləvazimatı ilə təmin etmək olar. Amma İlyas Hacıyevin Mədəniyyət və Turizm İdarəsi bir ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib. Təbii ki, İlyas Hayıevin olmayan «çayxana-klubları» və «dərnəkləri» bu dəftərxana ləvazimatlarını «xırd» edib. Qarşı tərəfin də möqeyini dərc etməyə hazırıq... ELMAN
Sorğu
Yeni dizaynımız necədir?