Azərbaycan vətəndaşı Məmmədov Elburus Adil oğlu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev tərəfindən aldadıldığını deyir. Belə ki, ona məxsus əmlaka görə ödəniləcək 100 min manat vəsait 4 ildir ödənilmir. “gundemxeber.az” xəbər verir ki, bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov Bizimyol.info-ya müraciətində bildirib. Müraciətdə yazılıb: “Elburus Məmmədova məxsus Bakı şəhər, Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsi, ev 174 ünvanında yerləşən 4 mərtəbəli villa 2010-cu ildə Etibar Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC-nin sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub”. Müraciətdə bildirilir ki, E.Məmmədova məxsus olan villa 2 milyon 300 min manata razılaşdırılıb: “Etibar Pirverdiyev villada olan əşyaları da almaq istədi. Məişət əşyaları 150 min manata qiymətləndirildi. Biz 100 minə razılaşdıq. Ümumi razılaşmaya əsasən villa məişət əşyaları ilə birlikdə 2 milyon 400 min manata qiymətləndirildi. Villa üçün razılaşdığımız məbləğin ödənişi aparıldı. Yəni, mənə 2 milyon 300 min manat vəsait verildi. Etibar Pirverdiyev məişət əşyalarına görə razılaşdığımız məbləği sonra verəcəyinə vəd verdi. Amma, 2010-cu ildən bu günə qədər, mən Azərenerji” ASC-nin sədrindən nə pulumu, nə də mənzil əşyalarımı ala bilmirəm”. Şikayətçi yazır ki, alqı-satqı müqaviləsinə görə, daşınmaz mülkiyyətin qiyməti aşağı məbləğ göstərilib: “Burada məqsəd dövlətə verginin az ödənilməsi idi. Müqaviləyə görə, villanın qiyməti 800 min manat göstərilib”. Fəqan Nəsibov bildirir ki, alqı-satqı məsələlərində iştirak etmiş Etibar Pirverdiyevin qaynı yalan vədlər verib: “E.Pirverdiyevin qaynı Hikmət dəfələrlə Elburus Məmmədova söz verib ki, mənzil əşyalarına görə vəsait ödəniləcək. Ancaq 4 ildir ki, 100 min manat ödənilmir”. “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin Hikmət adlı qaynı ilə telefonla danışdıq. O, əməkdaşımıza bildirdi ki, bu barədə danışmaq istəmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?