İlk öncə ondan başlayaq ki, bu gün Azərbaycanda kifayət qədər saxta diplomla işləyən vəzifə sahibləri var. Ötən il TQDK-nın sədri Məleykə Abbaszadə öz açıqlamasında bildirmişdi ki, ölkədə 20 mindən artıq saxta diplom var. Ancaq çox təəssüf ki, bu günədək saxta diplom sahiblərinin adı cəmiyyətə açıqlanmır. Guya dövlət sirridir. Axı, hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Xeyli müddətdir ki, mətbuatda Ağsu rayonu, Qaravəlli kənd bələdiyyəsinin sədri “Zərbəli” ləqəbli Hakim Məmmədovun diplomunun saxta olması ilə bağlı məlumat gedir. Düzdür, onun vəkili Heydər Əsgərov Qafqaz Xəbər Agentliyinin əməkdaşı ilə telefon söhbətində diplom məsələsinə aydınlıq gətirərək bildirib ki, “Zərbəli” müəllimin, ümumiyyətlə, diplomu olmayıb. Görünür, saxta diplom söhbətinin şişdiyini görən dostları bələdiyyə sədrinə məsləhət biliblər ki, diplomu qoy bir kənara. Lap tutaq ki, “Zərbəli” müəllimin yerli-dibli diplomu olmayıb. Bəs görəsən, heç bir təhsili olmayan bir adamın böyük bir kəndin bələdiyyə sədri seçilməsi necə mümkün olub? Bəlkə, bu işdə “Zərbəli” müəllimin millət vəkili, “SUM”-un rəhbəri Ərəstun Cavadovla qohum olması rol oynayıb? Əldə etdiyimiz məlumatdan belə başa düşmək olur ki, “Zərbəli” müəllimin yaxın dostu Vüqarın da diplomu saxtadır. Beləki bir neçə il əvvəl Vüqarı birdən-birə ali məktəblərdən birinin 3-cü kursuna “qəbul edərkən” məlum olub ki, onun heç tam orta təhsili də yoxdur. Məcbur olub Vüqara tam orta təhsil haqqında attestat tapmalı olublar. Vüqar barəsində məlumat verən mənbə onu da bildirdi ki, Vüqar əvvəllər oksigen zavodunu işlədirmiş. O, 2010-cu ildə Xirdalanda “Viləşçay” MMC-də oksigen balonun partlaması nəticəsində baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunsa da sonradan canını qurtara bilmişdi. Vüqar öz idmançı dostlarına deyirmiş ki, Abşeron prokurorluğunun müstəntiqinə 4 min manat verməklə canımı qurtardım. Vüqar hazırda Dərnəgüldə yerləşən daş sexini öz dostu Elnurla şərik işlədir. Ən maraqlısı odur ki, Elnur məmurdur və Tərtər rayon İcra Hakimiyyətində işləyir. Elnur həm də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin keçmiş sədri Gülzar Rzayevanın bacısı oğludur. Hətta Vüqarın qardaşı Elnurun şəxsi sürücüsüdür. Məsələnin maraqlı tərəfi odur ki, daş sexi “Zərbalı” müəllimə məxsusudur. “Zərbalı” müəllim həmin sahəni ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılovla həmyerli və dost olmasına görə “su qiymətinə” uzun müddətə icarəyə götürüb. Bir sözlə, saxta diplom, SOCAR-a məxsus ərazinin kimlərə bəxşiş verilməsi kimi qarışıq məsələlər bir-birinə çulğalaşaraq bir şəbəkə yaradıb. Araşdırmamız davam edir. Bizi izləyin. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?