Suvarma Sistemləri İdarəsinin rəisi Mirəlif Əzizovun sərvətləri şikayətçilərin qarşısında sadalandı
İdarə rəisinin ürəyi tutdu, şəkəri yüksəldi, onu təcili yardımla xəstəxanaya apardılar
İki gün öncə Sabirabad rayonun Zəngənə kəndində qalmaqal yaşanıb. Daxil olan məlumatlara əsasən, rayon icra hakimiyyəti başçısının bütün müavinlərinin və idarə rəislərinin əhali ilə görüşü zamanı gözlənilməz olay baş verib. Məmurlar kənd sakinlərinin onlara minnətdarlıq edəcəyini gözlədiyi halda xeyli sayda kənd sakini şikayətlərini ifadə etməyə başlayıblar. Sakinlər xüsusilə də içməli və təsərrüfat suyu ilə bağlı olaraq ağır günlər yaşadıqlarını bildiriblər. Kənd sakinlərinin verdiyi informasiyaya əsasən, rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Mirəlif Əzizov əvvəlcə şikayətçilərlə kobud danışıb. Bundan sonra isə qalmaqal yaranıb. Vəziyyətin gərginləşdiyini görən icra başçısının birinci müavini Həsən Həsənov müdaxilə etsə də heç bir nəticəsi olmayıb. Görüş yerinə polis dəvət edildikdən sonra iclas davam edib. Qərara alınıb ki, su ilə bağlı insanlar şikayətlərini bir qədər konkretləşdirsinlər. Bundan sonra söz alan Zəngənə sakini, Əfraz adlı fermer su təchizatı ilə bağlı yaşadığı problemlər üzündən əkdiyi pambıq sahələrinin qurumasından şikayət edib. Bu zaman Mirəlif Əzizov söz alaraq «mən heç kimdən rüşvət almıram. Bu kənddə də su problemi yoxdur» deyib. Əfraz adlı fermer isə bundan sonra idarə rəisinin aldığı 120 min manatlıq avtomobilin, onun nömrəsini 22 min manata almasını, aldığı bahalı villa və mənzillərin ünvanlarını və qiymətlərini, kimlərə bahalı hədiyyələr verdiyini, kimlər üçün xüsusi toy məclisi təşkil etdiyini sadalayıb. Fermerin bu faktları sadalamasından narahat olan idarə rəisi müdaxilə etmək istədikdə icra başçısının birinci müavini Həsən Həsənov fermerin mövqeyini müdafiə edib. Çətin vəziyyətə düşdüyünü görən Mirəlif Əzizovun görüş yerində ürəyi tutub. Sakinlər deyirlər ki, Zəngənə kəndi rayon mərkəzindən 14 kilometr aralı olduğundan təcili yardım maşını bir qədər gec gəlib. Nəticədə M.Əzizovun şəkəri də yüksəlib. Bundan sonra isə təcili yardım maşını ilə idarə rəisini Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Hələlik baş verənlərlə bağlı rəsmi informasiya olmasa da, aldığımız məlumatlara əsasən M.Əzizov icra başçısı Nazim İsmayılovun «qara siyahısı»na düşüb. Sakinlər bildirirlər ki, tanınmış iş adamı Məhərrəm Zülfüqarlı ilə ötən il qohum olan adıçəkilən idarə rəisi çoxdandır ki, yuxarıların «qara siyahısı»nda olub. Son zamanlar rayonun kəndlərindən daha çox su problemi ilə şikayətlər daxil olduğundan ehtimallara əsasən idarə rəisi qısa bir zamanda işindən uzaqlaşdırılacaq. Qeyd edək ki, iki gün öncə Zəngənə kəndində keçirilən görüşdə fermerlərin idarə rəisi ilə bağlı səsləndirdikləri faktları yaxın günlərdə detallı şəkildə sizlərə təqdim edəcəyik. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Qeyd edək ki, gün ərzində Mirəlif Əzizovun mobil telefonuna zəng etsək də, qarşı tərəfdən cavab verən olmadı. R.Əlicanlı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?