“Qarabağ probleminin həlli Minsk qrupunun mövqeyinə görə çətindir”
Rusiya Federasiyasının Beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycanda Respublika Gününə həsr olunmuş “Yeni Azərbaycan: nailiyyətlər, çağırışlar, perspektivlər” adlı “dəyirmi masa”da çıxış edərkən bildirib ki, Dağlıq Qarabağda indiki status-kvo 20 il bundan əvvəlki qüvvələr nisbətinin nəticəsi və əksidir. Lakin o vaxtdan qüvvələr nisbəti əsaslı surətdə dəyişib. Azərbaycanın iqtisadiyyatı, hərbi büdcəsi, silahlanma səviyyəsi Ermənistan ilə müqayisəyə gəlməz. Amma bu toplanmış qüvvənin konkret realizə olunması ilə bağlı problem vardır. S. Markov deyib: “Müharibə yolu çətin yoldur, çünki qeyri-sabit vəziyyət yaratdığından investisiyalara zərbə vurur və beləliklə, dəyişən qüvvələr nisbətinin əsasını sarsıdır. Qarabağ probleminin sülh yolu ilə həlli daha çox Minsk qrupunun mövqeyi üzündən çətindir. Bildiyiniz kimi, Rusiya müəyyən dərəcədə buradakı güçlü həm Azərbaycan, həm də erməni diasporlarının mövqeyini əks etdirir. ABŞ-da və Fransada isə Azərbaycanın təsiri minimaldır və erməni diasporu mütləq üstünlük təşkil edir. Buna görə də ABŞ-ın və Fransanın mövqeyi bu məsələnin həllində çəkindirici amildir. Minsk qrupunun fəaliyyətsizliyinə görə məhz ABŞ və Fransa başlıca məsuliyyət daşıyırlar”. Politoloqun fikrincə, Minsk qrupunu fəallaşdırmaq üçün Azərbaycan-ABŞ və Azərbaycan-Fransa formatında dəyişikliklər olunmalıdır. Rusiya həm Azərbaycan, həm də Ermənistan ilə mehriban qonşuluq və dostluq münasibətlərindədir. Düzdür, Ermənistan KTMT-nin üzvüdür və Avrasiya İttifaqına daxil olmağı planlaşdırır. “Düşünürəm ki, gələcəkdə Azərbaycanın da Türkiyə ilə birlikdə Avrasiya İttifaqına girməsi maraqlı olardı” – deyə S.Markov bildirib.
Sorğu
Yeni dizaynımız necədir?