Qusarda mərkəzi bazar 3 gündür qaranlığa qərq olub. Bazar satıcılarının ANS PRESS-ə etdiklər şikayətə görə, bazarda elektrik enerjisinin kəsilməsi onların işinə mənfi təsir edib. Əsas problem isə ət bazarında yaranıb. Qəssabların dediklərinə görə, kəsilən ətlərin hamısı xarab olur. Bu da onlara böyük məbləğdə zərər vurur. Qəssab Rövşən Həbibovun dediyinə görə, bazar rəhbərliyi məsələyə laqeyid münasibət bəsləyir. “Hər ay bizdən 100 manat yerpulu alırlar. Üstəlik bizdən soyuduculara görə də pul alırlar. Amma işıq kəsilib. Heç maraqlanan da yoxdur. Bizə külli miqdarda ziyan dəyib. İndi biizm ziyanı kim ödəyəcək?”, – deyə Rövşən Həbibov bildirib. Məsələ ilə bağlı bazarın müdiri Kəbir Nuriyev isə bildirib ki, işıq təkcə ət bazarında deyil, bütünlükdə mərkəzi bazarda kəsilib. Müdirin sözlərinə görə. problem onluq deyil. “Mən hər ay işıqpulunu vaxtında verirəm. Deyirlər qəza olub. Ona görə işıq kəsilib. Mən generator almışam. Bu gündən quraşdıracağıq. Çalışıram ki, problem aradan qalxsın”, – deyə Kəbir Nuriyev bildirib. Problemlə bağlı İcra Hakimiyyətindən də açıqlama gəlib. İcra hakiminin I müavini Şahid Tərəvəzovun verdiyi məlumata görə, problem transformatorun yanmasından baş verib. “Küçələrə paylanan elektrik enerjisinin tranformatoru yanıb. Məsələ ilə bağlı elektrik şəbəkə ilə əlaqə saxlamışıq. Problemin həll olunacağını deyirlər”. Qusar Rayon Elektrik Şəbəkədən verilən məlumata görə, hazırda təmir işləri aparılır. Transformator dəyişdiriləcək. Problem bu gün axşama qədər həll olunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?