Ukrayna güc strukturları Donbass bölgəsində separatçıların nəzarətində olan daha bir şəhəri azad edib.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində silahlı separatçılar Donetsk vilayətinin Seversk şəhərini tərk etməyə məcbur olub. Faktı qondarma “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Qirkin (Strelkov) də təsdiqləyib. İ. Qirkin bildirib ki, onun qüvvələri mühasirəyə düşməmək üçün Seversk şəhərindən çıxıb.
Antiterror əməliyyatının mətbuat katibi Vladislav Seleznyov Seversk istiqamətində terrorçuların olduğu ərazinin mühasirəsi üçün kompleks tədbirlər həyata keçirildiyini söyləyib: “Silahlılar bütün manevr və hücum imkanlarının tükəndiyini gördükdə Seversk yaşayış məntəqəsindən qaçmağa məcbur olublar. Həmin rayonda antiterror əməliyyatı davam edir”.
Xatırladaq ki, separatçı-terrorçu qruplaşma iyulun 5-də Slavyansk və Kramatorsk şəhərlərini tərk edərək Donetsk şəhərinə qaçıb. Donbass bölgəsinin əksər yerlərindən sıxışdırılan separatçıların əsas qüvvələri hazırda Donetsk və Luqansk şəhərlərində cəmləşib.
Sorğu
Yeni dizaynımız necədir?