Etibar Əliyev: «Buna görə cavabdehliyi məktəb direktorları və təhsil şöbəsinin müdirləri daşımalıdır»
“Keçirilən buraxılış imtahanlarında hər bir fənn üzrə müvəffəq qiymət alanların sayında 2 faiz artım var, imtahanda iştirak edən uşaqların sayı isə keçən illə müqayisədə 4% azalıb”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. TQDK sədri bəzi rayonlar üzrə IX sinifdə buraxılış imtahanın nəticələrini “qorxulu” adlandırıb: “Bunlar Sabirabad, Saatlı, Imişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarıdır. Həmin rayonların şagirdləri ölkə üzrə həm riyaziyyat, həm də ana dilindən ən aşağı nəticə göstəriblər”. M. Abbaszadə vurğulayıb ki, IX siniflə müqayisədə XI siniflərdə imtahanda iştirak edənlərin sayı azdır: “Amma həmin şagirdlərin nəticələri daha yüksəkdir”. Komissiya sədri vurğulayıb ki, XI siniflərdə Ana dili fənni üzrə Hacıqabul, Sabirabad, Imişli, Ağcabədi, Daşkəsən, Riyaziyyat fənni üzrə Hacıqabul, Şirvan, Sabirabad, Imişli, Ağcabədi, Daşkəsəndə məzunların nəticələri ölkə ilə müqayisədə çox aşağıdır. Buraxılış imtahanlarının nəticələrinin acınacaqlı olması yenilik deyil. Ildən ilə imtahanların nəticələrinə pisləşmə müşahidə olunsa da, ən pis nəticə göstərən rayonların təhsil şöbələrinin müdirləri və məktəb direktorları barədə niyə ölçü götürülmür?
Təhsil eksperti Etibar Əliyev də rayonlarda hər il göstərilən acınacaqlı nəticələrə, təhsilin keyfiyyətinin aşağı düşməsinə görə heç kimin cavabdehlik daşımadığını deyir. Ekspertin sözlərinə görə, 2009-2010-cu tədris ilində mindən çox orta məktəbdə bir məzun belə ali məktəbə daxil olmayıb. Lakin müvafiq qurumlar buna sadəcə statistika kimi yanaşır. Hətta bu rayonlardan bəzilərində təhsil şöbəsinin müdirləri 15 ildir eyni vəzifədədir: “Təhsil ekspertləri, QHT nümayəndələri yaranmış vəziyyəti kadrlarla əlaqələndirəndə Təhsi Nazirliyi bununla razılaşmır. Ancaq bu nəticələr birbaşa həmin rayonlarda məktəb mühitinin keyfiyyətsizliyi ilə bağlıdır. Buna görə isə cavabdehliyi məktəb direktorları və təhsil şöbəsinin müdirləri daşımalıdır. Bu onu göstərir ki, müəllim hazırlığında, dərsliklərin keyfiyyətində, məktəb mühitində, dərslərə davamiyyatda çox ciddi nöqsanlar var. Təhsil Nazirliyi çox tez bir vaxtda bunların qarşısının alınması istiqamətində ciddi addımlar atmalıdır”.
Sorğu
Yeni dizaynımız necədir?