“Bayram namazı bəzi ölkələrdə ayın 28-də, bəzi ölkələrdə isə 29-da qılınacaq. Bu həmin dövlətlərin yerləşdiyi ərazidən asılıdır”.
Bu haqda modern.az-a “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, Ay bir dövlətdə görünə bilər, digər dövlətdə görünməyə bilər: “Əminəm ki, bu il də təkcə İran və Azərbaycan iyulun 28-də bayram namazı qılmayacaq. Çünki keçən il də belə fikirlər söyləyirdilər. Amma belə olmadı”.
Deputat Fazil Mustafanın facebook səhifəsində Azərbaycanın İranın dini-mənəvi müstəmləkəsi kimi qalması iddiassı ilə çıxışına isə Hacı Şahin Həsənli belə münasibət bildirib. “Azərbaycan və İranın bayram namazını eyni gündə qılmasının müstəmləkə ilə heç bir əlaqəsi yoxdur. Aydındır ki, biz kiminsə müstəmləkəsi deyilik. Əslində, bayram namazının yalnız İran və Azərbaycanda iyulun 28-də qılınması yanlış fikirdir. Sadəcə olaraq, şəriətə müxtəlif saylı baxışlar var. Burda ayın görünməsi əsas şərtdir. Ay görünməsə orucu tutmaq lazımdır. Bu il də Şamaxı Rəsədxanası Qafqaz Müsəlmanları İdarəsinə bildirib ki, ay məhz 28-dən 29-na keçən gecə görünəcək. Bu, Şamaxı Rəsədxanasının mövqeyidir. Bundan başqa, müşahidələr də aparılacaq. Amma mütəxəssislər deyir ki, bu il ayın görünmə ehtimalı çox azdır. Məsələ bundan ibarətdir. Yoxsa, kiminsə əsarətində olmağın məsələyə heç bir aidiyyatı yoxdur. Bir az da səbr etsəniz, görəcəksiniz ki, bayram namazı bir çox müsəlman ölkələrində 28-də, digərində isə 29-da qılınacaq. Bunu faciə kimi qəbul etmək doğru deyil. Azərbaycanda da rəsmi olaraq iki gün bayramdır. Təbii ki, məzhəblər arasında da fikir ayrılıqları ola bilər. Hətta eyni məzhəbdən olan din alimləri arasında da fikir ayrılıqları mümkündür”.
Qeyd edək ki, deputat Fazil Mustafa şəxsi facebook səhifəsində builki Ramazan bayramında bayram namazının Azərbaycan və İranda iyulun 28-də qılınmasına etirazını bildirib. Dünyanın hər yerində bayram namazının 28-da qılınacağına diqqət çəkən deputat, Azərbaycan və İranda bayram namazının məhz 28-də qılınmasını Azərbaycanı hələ də İranın dini-mənəvi müstəmləkəsi kimi qiymətləndirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?