Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib. Xəbəri AzadlıqRadiosuna Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov verib.
Bakıda çəkilmiş fotolar, tarixi xəritələr və planlar, patefona yazılmış mahnılar…
Bunların içində XX əsrin əvvəlində Bakıda çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri vardır. XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımdasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqəti cəlb edir.
Əlyazmalar və səyyahların qeydləri
1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən «Oğuznamə», təbabətə dair XVI əsrə aid «Əlacnamə» əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur. Avropa səyyahlarının Azərbaycanla bağlı müşahidələrindən ibarət kitablar da diqqət çəkir. XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ildə çapdan çıxmış kitabında Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən, övladlarından, İsfahandakı sarayda Azərbaycan türkcəsinin mövqeyindən, ölkənin şəhərlərindən və təbii sərvətlərindən bəhs olunur. Avropa səyyahları Öjen Flandən və Paskal Kostun 1851-ci ildə çapdan çıxmış «İrana səyahət» əsərində Azərbaycan barədə geniş söhbət açılır.
Xalq mahnıları…
Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində xalq mahnılarının XX əsrin əvvəllərində patefona yazılmış surətləri də vardır. Paşa Kərimovun sözlərinə görə, Məşədi Hilal Zeynalovun ifasında Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasından bir parça, «O xal nə xaldı» mahnısı, Mahmud Behbudovun ifasında «Dəsmalın, yar», «Var bir incəbel», Məhəmməd Zeynalın ifasında «Şikəstə», Şövkət Məmmədovanın ifasında «Sən ki», «Mən bir güldüm», «Mən görməzdim» adlı mahnılar kifayət qədər aydın səslənir.
Ermənilərin ifasinda Azərbaycan xalq mahnıları…
Maraqlıdır ki, xalq mahnılarının bir hissəsi erməni ifaçılarının ifasında yazıya alınıb. Anna Poqosova «İrəvanda xanın səsi», «Qara gözüm», Muxtar Ter Akopov «Bəri bax», «Şüştəri», «Qarabağ şikəstəsi» havalarını təmiz Azərbaycan dilində ifa edirlər. Paşa müəllimin fikrincə, Paris Milli Kitabxanasından alınan materiallar bir daha sübut edir ki, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə dair hələ çox əsərlər xarici ölkələrin kitabxana və muzeylərində, şəxsi kolleksiyalarında saxlanılmaqdadır. Sevda İsmayıl
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?