Ölkəmizdə müşahidə olunan dinamik inkişaf özünü regionlarda da göstərməkdədir. Hər halda fakt ondan ibarətdir ki, hər il müntəzəm olaraq dövlət büdcəsindən rayonların abadlaşdırılması məqsədilə milyonlarla manat vəsait ayrılır. Amma bəzi rayonlarda ayrılan həmin vəsaitin bir hissəsi təyinatı üzrə xərclənir, yerdə qalan əhəmiyyətli hissə isə icra başçısı tərəfindən mənimsənilir. Elə bunun da nəticəsində ortaya yarımçıq və keyfiyyətsiz görülmüş işin qoyduğu acı mənzərə çıxır. Eynən Bərdə rayonunda olduğu kimi. Bərdədən Xalq.az-ın elektron ünvanına daxil olmuş faktlarda da icra başçısının şok maliyyə maxinasiyalarından bəhs olunur. Beləliklə, həmin məlumatlarla tanış olaq… Məlumatda bildirilir ki, Son 3 ildə Bərdədə şəhər küçələrinin asfaltlanmasına ayrılmış 2 milyon manatdan çox büdcə vəsaiti təyinatından yayındırılıb və 1 kilometr də olsun asfalt salınmayıb. Uzunluğu 110 kilometr olan şəhər küçələrinin 70 kilometrində asfalt örtüyü, 80 kilometrində isə küçə işıqlandırma sistemi və səki yoxdur. Açılışında Dövlət Başçısının da iştirak etdiyi “Qəhrəmanlar” parkı layihədə nəzərdə tutulduğundan 3 dəfə kiçik tikilmiş və bundan sonra 2 ildir heç bir inşaat işi aparılmayıb. Tikinti aparılmayan sahə bərbad vəziyyətdədir və həmin yer görünməməsi üçün bütöv hasara alınmışdır. 200 min nəfər əhalisi olan Bərdə üçün bu yeganə parkda eyni zamanda cəmi 200 nəfər insan asudə vaxtını keçirə bilər. Bu parkın və yeni tikilən başqa parkın tikintisinə, eləcə də abadlığa kömək adı altında yığılan pullar hesabına 10 park inşa etmək və 70 küçənin hamısını abadlaşdırmaq olardı. V.İsayev Bərdədə cəmi 4 küçə abadlaşdırıb. 60-a yaxın küçə abadlaşdırılmamış qalır. Son 3 ildə şəhid abidələri, “Qarabağ” müharibəsi əlilləri və ehtiyacı olan başqa insanlara maddi yardım etmək üçün büdcə və qeyri-büdcə təşkilatlarının işçiləri əmək haqqlarının bir faizi olmaqla 800 min manata yaxın pulu bank hesabına ödəyiblər. Lakin həmin vəsaitin 70 faizi ünvanına çatdırılmayıb. Bu vəsaitlə həmin kateqoriyadan olan insanlara 15 fərdi yaşayış evi tikmək olardı. Sonda qeyd edək ki, təqdim etdiyimiz bu faktlar redaksiyamıza daxil olmuş məlumatların yalnız bir hissəsidir. Hazırda əməkdaşlarımız bu və digər faktların araşdırılması üzərində çalışır və yaxın günlərdə Bərdədə yaşanan rüsvayçı korrupsiya əməliyyatları haqda daha geniş məlumat verəcəyik. gundemxeber.az Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?